Ukraynalı çalışdırıcı Bakıya gəlib.
Sportinfo.az-ın oxucularından biri bu barədə redaksiyamıza məlumat verib.
Bildirilib ki, Roman Qriqorçuk paytaxtımıza təşrif buyurub.
Vaxtilə “Qəbələ” ilə “Neftçi”ni çalışdırmış mütəxəssis “Port Baku”da görüntülənib.
Qriqorçukun Azərbaycana üz tutması ilə bağlı bir neçə ehtimal var.
Ya ötən il çalışdırdığı “Neftçi” ilə maddi məsələlərdə hansısa problemlər yaranıb.
Ya özünün təkidi ilə “ağ-qaralar”la müqavilə bağlayan və hazırda əsas komandadan kənarda qalan Andrey Ştoqrinlə bağlı dəvət olunub.
Ya da hansısa klubla danışıq aparmaq üçün.
Özü ilə əlaqə saxlayanda məlum oldu ki, səfəri ehtimalların heç biri ilə bağlı deyil:
“Bəli, Bakıya gəlmişdim. Artıq orada deyiləm.
Səfərimin “Neftçi”ylə, başqa klubla, ümumiyyətlə, futbolla heç bir əlaqəsi yoxdur. Sırf şəxsi işlərimlə əlaqəli idi.
Stadionlara getmədim ki, kimsə görəndə yanlış anlaşılmasın. Şəhərdə tanıyanlar oldu, onlarla şəkil çəkdirdim.
Odur ki, yeni xəbər yoxdur. Sıradan səfər idi”.
60 yaşlı mütəxəssis 2015-2018-ci illər aralığında “Qəbələ”ni, 2024-cü ilin iyun ayından oktyabr ayına qədər “Neftçi”də çalışdırıb.
HƏBİB / SPORTİNFO.AZ

