Fransa millisinin sabiq futbolçusu Jerom Roten komandanın DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçirdiyi matçlara qiymət verib.
Sportinfo.az xəbər verir ki, keçmiş hücumçu komandanın sərgilədiyi oyunu tənqid edib.
O, baş məşqçi Didye Deşamın taktiki tapşırıqlarını biabırçılıq adlandırıb:
“İki biabırçı oyun keçirdik və bunları unuda bilmirəm. Əsrin matçlarından yox, Azərbaycan və İslandiya ilə görüşlərdən danışırıq.
Əvvəlcədən bilinirdi ki, hər iki rəqib əsasən müdafiə futbolu göstərəcək. Komandanı formalaşdırarkən nə etməli olduğunu bilməlisən.
Deşam belə zəif performansa görə məsuliyyət daşıyır. O, yeni oyunçulara inam aşılamaq, gənclərə daha aydın oyun çərçivəsi vermək məcburiyyətindədir. Buna görə də məsuliyyət birbaşa onun üzərinə düşür”.
Millimiz üzərində 3:0 hesablı qələbə qazanan fransızlar İslandiya ilə qollu bərabərə (2:2) qalıb.

