"Neftçi" AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı bildirib.
Klub rəsmisi Premyer Liqanın VIII turunda baş tutan "Araz-Naxçıvan"la görüşdə yol verilən qayda pozuntuları ilə əlaqədar AFFA İntizam Komitəsinin 9700 manatlıq cərimə qərarı ilə bağlı Apellyasiya Arbitraj Tribunalına müraciət nəzərdə tutulmadığını söyləyib.
Həmin matçda "Neftçi" azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib.
Həmçinin fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.
"Ağ-qaralar" dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

