AFFA-nın komitə sədri: "İşimizə kiminsə müdaxiləsi mümkün deyil"

8 İyun 2021 00:42 Müsahibə 1 050
AFFA-nın komitə sədri: "İşimizə kiminsə müdaxiləsi mümkün deyil"

Sportinfo.az AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynovun müsahibəsini təqdim edir:

"Sanksiyaların sərtləşdirilməsi klubların məsuliyyətini xeyli artırıb"

- İcraiyyə Komitəsinin son iclasında İK sədrinin və üzvlərinin yeniləndiyinin şahidi olduq. Bu yenilik komitənin işində hər hansı dəyişikliklərə səbəb olacaqmı?

- Konkret olaraq, İK-in işi futbol qaydaları çərçivəsində komandaların törətdiyi xətalara hüquqi qiymət verməkdir. Stadionlarda baş verən pozuntular araşdırılaraq, komandalar barədə müvafiq qərarlar çıxarılır. Bura oyunlardan kənarlaşdırma və cərimə sanksiyaları daxildir. İşimizə gəldikdə, dəyişikliklərin edilməsi qaçılmaz və mütləqdir. Çünki Avropa futbol qurumları qaydaları mütəmadi yeniləməklə yanaşı, tez-tez dəyişikliklər edir. Biz də futbol ailəsinin bir üzvü kimi komitənin işini müasir futbolun tələblərinə uyğun qurmağa çalışırıq. Sizə deyim ki, İK son 5 ildə İntizam Məcəlləsinə bir çox əlavə və dəyişikliklər edilib. Bu, işimizin keyfiyyətini artırır. Hər bir yerdə olduğu kimi biz də cavan, intellektual, savadlı və bacarıqlı əməkdaşlara üstünlük veririk. Komitənin üzvlərinin əksəriyyəti hüquqşünasdır.

- İntizam Məcəlləsinə edilən dəyişikliklər deyərkən, söhbət konkret olaraq, nədən gedir?

- Əvvəlki illərdə İntizam Məcəlləsində bir çox maddələr yer almamışdı. Bu da oyunlar zamanı ortaya çıxan problemlərin həllində, qərar qəbulunda bizə çətinlik yaradırdı. Xətaya görə konkret maddənin olmaması verilən qərarlara bəzən xələl gətirirdi. Dəyişikliklər bu məcəlləyə yeni qaydalara uyğun maddələrin əlavə edilməsi deməkdir. Bu hüquqi sənəd demək olar ki, hər il yenilənir. Biz AFFA-nın hüquq şöbəsi ilə də əlaqədəyik. Onların bizə bəzi işlərdə verdiyi məsləhətlər daim nəzərə alınır. Məcəllə əsasnamə və futbol qaydalarının müasir tələblərinə uyğun formalaşır. Məsələn, futbolçuların stadionun tikinti və inventarına qəsdən zərər yetirməsi, danışılmış oyunlar, rəsmi şəxslərə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqənin verilməsi kimi sanksiyalar sərtləşdirilib. Sanksiyaların sərtləşdirilməsi futbol klublarının məsuliyyətini xeyli artırıb. Klublarda intizam, futbolçularda məsuliyyət hissi artmaqda davam edir.

- Hər hansı qurum, klub və ya rəhbərliyin işinizə müdaxilələri olurmu?

- İşimizə kiminsə müdaxilə etməsi, təzyiq göstərməsi mümkün deyil. Çünki belə məsələlər qanunvericiliklə tənzimlənir. Əksinə, biz futbol ictimaiyyətindən, əsasən də AFFA-dan həmişə dəstək görürük. Peşəkar Futbol Liqası ilə də əsasnamədə olan məsələlərlə bağlı məsləhətləşmələr apararaq sıx əlaqədə oluruq. Lakin qeyd etmək istərdim ki, çıxardığımız qərarlardan futbol klubları narazı qaldıqda 15 gün ərzində apellyasiya şikayəti verə bilərlər. Şikayətlərə Apellyasiya Arbitraj Tribunalında baxılır. İK-in qərarlarında Tribunal qanunamüvafiq dəyişiklik edə bilər. Bu, tam qanuni prosedurdur. Tribunalın İK-in çıxardığı qərarları, tətbiq olunan cərimələri qaydalara müvafiq artırıb-azaltması mümkündür.

"Hakimliyə ləkə salanları, onların işini kölgə altına alanları ictimaiyyət yaxşı tanıyır"

- Siz futbol oyunlarına AFFA nümayəndəsi kimi də təyinatlar alırsınız. Premyer Liqanın son turunun "Neftçi" - "Qarabağ" oyununda da iş başında idiniz. Çətinlik yaşadınızmı? Ümumiyyətlə, bu amil sizin işinizə necə təsir göstərir?

- Oyunlarda AFFA nümayəndəsi kimi iştirakım gördüyüm işlərə çox müsbət təsir göstərir. Bu, təcrübə toplamaq üçün böyük məktəbdir. Oyunda olanda hər bir situasiyanı, hadisəni əyani görür, futbolçu və azarkeşin nəfəsini duyursan. Bu da qərarların futbol ruhunda düzgün çıxarılmasına böyük köməklik göstərir. Stadionda insan hər bir anı canlı yaşayır. AFFA nümayəndəsinin oyundan öncə keçirdiyi iclasdan çox şey asılıdır. Həmin iclasın düzgün aparılması oyuna böyük təsir edir. Hər keçirilən iclasda komandaların nümayəndələri tam şəkildə intizam qaydaları ilə, yeni dəyişikliklərlə geniş maarifləndirilməlidirlər. Ümumiyyətlə, mən stadionda iş görməklə yanaşı, həm də istirahət edirəm. Futbol mənim ikinci həyatımdır. 90 dəqiqə ərzində nümayəndə məsuliyyətini dərk edərək işinə vicdanla yanaşmalıdır. "Neftçi" - "Qarabağ" oyununa gəldikdə, matçın axırıncı dəqiqəsinə kimi, baş hakimin son fitinədək həyəcanlı idim. Matçın nə qədər məsuliyyətli olduğunu dərk edirdim. Çünki oyunun təhlükəsizliyinə nümayəndə cavabdehdir. "Neftçi"nin son dəqiqədə vurduğu qol həlledici oldu. Sevindirici haldır ki, heç bir çətinlik çəkmədim. Hər şey yüksək səviyyədə tamamlandı.

- Son vaxtlar hakimlərin oyun zamanı buraxdıqları səhvlərdən çox danışılır. Onların səviyyələrinin aşağı olduğu söylənilir. Bununla rasızınızmı?

- Qətiyyən razı deyiləm. Bu fikirləri söyləyənlər, qoy, əvvəlki illəri yada salsınlar, o oyunlara təkrar baxsınlar. Bax, o zaman fərqi görərlər. Hakimliyə ləkə salanları, onların işini kölgə altına alanları ictimaiyyət yaxşı tanıyır. 1990-cı illərin oyunlarından birində top qapı dirəyinin yanından keçən zaman hakim qol qeydə almışdı. Bu, o vaxtlar futbol hakimlərinin faciəsi idi. Hazırda hakimlər daim təlimlər keçərək, mütəmadi imtahanlar verir və bilik səviyyələrini artırırlar. Buna beynəlxalq dərəcəli gənc hakimlərin xaricdə oyun idarə etmələri əyani sübutdur. Hakimlər Komitəsinin yeni əcnəbi rəhbəri Frits Ştuxlik burada müsbətə doğru bir çox iş görüb. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi adamlar bu işləri qiymətləndirməyi bacarmır. İnsan öz üzərində çalışırsa, daim işləyirsə, o, səhv etməlidir. Məşhur futbol hakimləri də səhvlər buraxır. Avropada VAR sisteminin mövcud olmasına baxmayaraq orada da səhvlərə yol verilir. Ümumiyyətlə, referinin qəbul etdiyi qərarlar qətidir və müzakirə olunmur. Hakimlərin işinə azarkeş kimi deyil, mütəxəssis kimi qiymət vermək lazımdır. Bu işlərə AFFA-nın hakim-inspektorları nəzarət edir. Onlar da mütəmadi maariflənirlər. 44 günlük müharibədə bir neçə futbol hakimimizin könüllü olaraq Vətən uğrunda qəhrəmancasına döyüşməsini ayrıca qeyd etmək istərdim. Bunu unutmaq olmaz. Yenə deyirəm, tək hakimliyə yox, futbolumuza, görülən işlərə ləkə salmaq istəyənlər, qurmaq əvəzinə dağıtmaq istəyənlər təəssüf ki, hələ də aramızda var.

- Bir çox ölkələrin çempionatında VAR sistemi mövcuddur. Bu sistem Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

- Maraqlı sualdır. VAR sisteminin bizim futbolda da tətbiq edilməsi çox yaxşı olardı. Lakin bu sistemin qurulması, tam həyata keçirilməsi vaxt aparan məsələdir. Səhv etmirəmsə, belə məsələlər barədə bir sıra işlərə start verilib. Gəlin tələsməyək, hər şeyin öz vaxtı var.

"Ən böyük arzum Şuşadakı stadionda AFFA nümayəndəsi olmaqdır"

- Azərbaycan çempionatının səviyyəsi, klublar və milli komanda barədə, futbolumuzun gələcək inkişafı barədə fikirləriniz necədir?

- Çempionatımızın güzgüsü klublarımızdır. Oyunlar zamanı bütün klublarla sıx əlaqədə oluram. I Divizionu çıxmaq şərtilə, klublarda texniki təminat yaxşı qiymətləndirilə bilər. Klublarımızın səviyyəsini artırmaqdan ötrü uşaq futboluna diqqətimizi artırmalı, uşaqları futbola kütləvi cəlb etməliyik. Regional futbolu mütləq inkişaf etdirməli, dirçəltməliyik. Bir çox rayonlarımızda futbol üçün çox darıxırlar. Çempionatda klublarımızın sayı imkan daxilində mütləq artırılmalıdır. Onda klublarımızın və milli komandamızın bir neçə ilə inkişafını görəcəyik. Bəzi insanlar qısa müddətdə futbolda inqilab gözləyirlər. Bu, belə deyil. Hər işə vaxt tələb olunur. Hər hansı futbol məşqçisinin komandanı yetişdirməsi üçün illərlə vaxt lazımdır. Komandalar hər zaman yeni, gənc, bacarıqlı oyunçularla əvəzlənməlidirlər. Futbolumuzun inkişafı üçün görülən işlər göz qabağındadır. Dediyim kimi, gəlin, bu məsələlərə azarkeş kimi deyil, mütəxəssis kimi baxaq. Yeni, müasir standartlara uyğun tikilən stadionlar, meydanların ot örtüyünün daim yenilənməsi, futbol akademiyalarının yaradılması, klublarımızın avrokuboklarda iştirakı, beynəlxalq matçların Bakıda keçirilməsi danılmaz faktlardır. Bu AFFA-nın qısa müddət ərzində gördüyü işlərdir. Bu işləri kölgə altına alanlar, ictimaiyyətə yanlış fikirlər söyləyənlər, azarkeşləri futboldan aralı salmaq istəyənlərdir. Bütün Azərbaycanımızda olduğu kimi, futbolumuzun da çiçəklənən vaxtları olacaq. Buna bir qədər zaman lazımdır. Ən böyük arzum Şuşadakı stadionda oyunun AFFA nümayəndəsi olmaqdır. İnanıram ki, o günü də görəcəyik.

- Jurnalistlərlə ünsiyyətdə az olursunuz, demək olar ki, heç olmursunuz. Bunu nə ilə izah edərdiniz?

- Bəzi jurnalistlər İK-in qərarı çıxmamış, məlumat almaq istəyirlər. Bu isə bizim təlimata ziddir. Qərardan öncə hər hansı məlumatın verilməsi yolverilməzdir. Komitədə qərarlar kollegial qaydada səsvermə yolu ilə verilir. Burada bütün məsələlərə çox ciddi yanaşılır. Çünki çıxarılan qərarlarda oyundan kənarlaşdırma və pul cərimələri mövcuddur. Klublar hər hansı qərardan narazı qaldıqda qanunamüvafiq olaraq Apellyasiya Arbitraj Tribunalına şikayət edə bilərlər. Bu qurum son qərarları qanunamüvafiq tənzimləyir. Bəzi yazarlar sensasiya xətrinə İK-in verdiyi qərarları təhrik edir, müzakirə mövzusuna çevirərək oxucu kütləsini çaşdırmağa çalışırlar. Bəlkə buna görə az-az görüşürük. Mən bütün insanlara, futbol ictimaiyyətinə, jurnalistlərimizə, ürəyi futbolla döyünən hər bir azarkeşimizə, ürəyi futbolumuza yanan hər bir vətəndaşa can sağlığı, xoşbəxtlik, bu çətin zamanda səbr və ən əsası bu pandemiyadan tezliklə qurtulmağı, insanlara hər bir şeyi neqativ yox, pozitiv görməyi arzulayıram. Azad olunan torpaqlarımızda yeni-yeni stadionların tikilməsini, yeni klubların yaranmasını, stadionlarda Azərbaycan və AFFA bayrağının yellənməsini, Dövlət Himnimizin və azarkeşlərimizin gur səsini eşitmək istəyirəm. Bilirəm və əminəm ki, bu belə də olacaq *report(.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!