Bu şəxsin də millinin baş məşqçi postunda gözü var

29 Aprel 2020 10:52 Milli komanda 982
Bu şəxsin də millinin baş məşqçi postunda gözü var

AFFA aprelin 23-də millinin baş məşqçisi postuna namizəd olan mütəxəssislərlə danışıqların dondurulmasıyla bağlı açıqlama yaydı.

Qurum rəsmi saytı vasitəsilə görüşlərə müvəqqəti olaraq fasilə verildiyini bəyan etdi.

Bununla belə, bildirildi ki, assosiasiya həmin mütəxəssislərlə müntəzəm əlaqə saxlamaqda davam edir: "Namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb.

Əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və bununla bağlı İcraiyyə Komitəsinin 28 yanvar tarixində keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb.

Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki, mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti olaraq fasilə verilib. Buna baxmayaraq, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır".

Qurum baş məşqçisi postuna təyinatla bağlı müvafiq rəsmi məlumatların ictimaiyyətin diqqətinə çatdırılacağını vurğulayıb.Azərbaycan millisinin baş məşqçi postuna namizədlər Canni De Byazi, Luici Di Byaco, Çezare Prandelli, Eusebio Di Françesko, Abdullah Avcı və Ərsun Yanal göstərilir.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, yığmanın yeni baş məşqçisinin kimliyinin müəyyənləşməsi hələ bir müddət vaxt alacaq.

Bu, qarşıdakı həftələrdə də bəlli ola bilər, ilin sonunda da. Hamısı 2 amildən asılıdır - pandemiyanın müddətindən və neftin qiymətindən. Federasiya Nikola Yurçeviçi əvəzləyəcək mütəxəssisə böyük miqdarda maaş verməyə hazırlaşmır.

Xorvatiyalının köməkçisi olmuş Arif Əsədova «keçid dönəmi»ndə yığmanın tapşırılması ehtimalı çoxdur. Ona alternativ isə Milan Obradoviçdir. Ötən ilin əvvəlində U-21-in sükanı arxasına gətirilən serbiyalı AFFA rəsmiləriylə söhbətində əsas millini çalışdırmağa hazır olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti