Samir Abasovun anladığı və anlamadığı həqiqət

13 Sentyabr 2021 17:20 Köşə 1 321
Samir Abasovun anladığı və anlamadığı həqiqət

“Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacağam.

Fikirləşirəm ki, limit götürülsə, Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdürsə, oynamalıdır”.

“Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a məğlubiyyətdən sonra deyib bu sözləri. Abasovun bu həqiqəti indi başa düşdüyünü, yoxsa elə “Sumqayıt”da işləyərkən bildiyini, amma deməyə cəsarəti çatmadığını deyə bilərəm.

Amma biz bunu uzun illərdir ki, yazırıq. Yazırıq ki, limit rəqabəti pozur. Yazırıq ki, limit azərbaycanlı futbolçularda arxayınlıq yaradır.

Elə bir arxayınlıq ki, onların inkişafının qarşısını alır. Kim deyirsə ki, yerli futbolçu daim oynadıqca inkişaf edəcək, o adam diletantdır, futboldan anlayışı yoxdur.

Limit azərbaycanlı futbolçu formada oldu-olmadı, onun meydana çıxmasını şərtləndirir. Futbolçuda “onsuz da oynamalıyam” arxayınlığı yaradır.

Üstəlik, süni qiymət artımına şərait yaradır. Sən formada olub-olmamağından asılı olmayaraq oynayırsansa, üstəlik, yüksək məvacib alırsansa, ölkədən kənara niyə çıxasan ki?

Braziliyalı legioner minlərlə kilometr qət edib Azərbaycana gəlir, burda da heyətə düşmək üçün rəqabət aparmalı olur. Azərbaycanlı futbolçu ilə rəqabətsiz-zadsız oynayır.

Budur Azərbaycan futbolunun bəlası. Limit klub futbolunun inkişafına öldürücü zərbə vurur. Elə yığmanın da inkişaf etməməyinin əsas səbəbi budur.

Güclü yığmanı Azərbaycan çempionatında oynayan futbolçular yox, xaricdə çıxış edənlər formalaşdıracaq. Bunu anlamaq vacibdir.

Samir Abasov bu həqiqəti anlayıb. Amma anlamadığı həqiqət də var. Deyib ki, limit məsələsini klub rəhbərliyi ilə müzakirə edəcək.

Sadəlövhdür. Anlamır ki, limit, elə “Neftçi”yə rəhbərlik edənlərin himayəçiləri – AFFA-dakı “istedadlı dələduzlar”ın yaratdığı bəladır.

Futbolumuz bu bəladan qurtulmaq üçün öncə o bəladan – AFFA-dakı “istedadlı dələduzlar”dan qurtulmalıdır.

Natiq Muxtarlı

Xəbər Lenti