"Keşlə"ni kim(lər) "yuxu"dan oyatdı?

26 Sentyabr 2021 17:40 Şamaxı 756
"Keşlə"ni kim(lər) "yuxu"dan oyatdı?

"Keşlə" ardıcıl 4 məğlubiyyətdən sonra dünən ilk xalını qazandı. Həm də "Qarabağ" kimi rəqiblə oyunda.

Görüşdən öncə heç kim bu hesabı (1-1) gözləmirdi.

Əksinə, ən çox güman edilən, "Qarabağ"ın rahat qələbə qazanacağı idi.

Açığı, görüşün gedişi də bundan xəbər verirdi. Gözlənildiyi kimi matç qonaqların üstünlüyü ilə start verdi. "Qarabağ"ın ənənəvi oyunu və ardıcıl hücumlar "Keşlə"li futbolçuların başını gicəlləndirmişdi.

Çox keçmədi ki, oyundakı üstünlük tablodakı üstünlüklə əvəzləndi. Belə ki, 20-ci dəqiqədə künc zərbəsindən gələn ötürməni Abdullah Zubir başla qapıdan keçirdi.

Bu qol "Qarabağ"ın meydandakı aktivlik sürətini aşağı düşdü. Topu rəqibə verməyən ağdamlılar meydanda dala-qabağa var-gəl etməklə məşğul idi. Ara-sıra qapı yada düşürdü ki, onda da təhlükə qaçılmaz olurdu.

Belə epizodların birində Toral Bayramovun zərbəsi qapı tirindən qayıtdı. Hər şey "Qarabağ"ın qələbəsinə doğru gedirdi. Hətta "Keşlə"li futbolçuların çöhrəsində oyunun sonunu gözləyən bədbinlik ruhu hökm sürürdü.

Nə qədər qəribə səslənsə də bərabərlik qolu məhz bu dəqiqələrdə gəldi. 72-ci dəqiqədə uzun ötürmədən sonra qapıçı ilə təkbətək qalan Aldair Neto topu Şahruddinin başı üzərindən qapıya yolladı - 1:1.

Buraxılan qolda Maksim Medvedevlə Şahruddin Məhəmmədəliyev arasındakı anlaşılmazlıq əsas rol oynadı. Əbəs deyil ki, Portuqaliya futbolçu özü belə vurduğu qola bir qədər təəccüb edib, yalnız müəyyən pauzadan sonra sevinməyə başladı.

Vurulan qol bu mövsüm bəlkə də ən bərbad oyununu keçirən "Keşlə"li futbolçuları "yuxu"dan ayıltdı. Bundan sonra meydanda daha mübariz, daha istəkli komanda gördük.

Qalan dəqiqələrdə "Qarabağ"ın bütün cəhdləri boşa çıxınca paytaxt təmsilçisi mövsümdə ilk xalı qazanmağın sevincini yaşamış oldu.

Bu xalın "Keşlə"ni mövsümün "yuxusundan" ayıldacaq ya yox, onu gələcək oyunlar göstərəcək. Çempionluq mübarizəsi aparan "Qarabağ" isə belə rəqiblə oyunda itirdiyi xalın əziyyətini hələ çox çəkəcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"