Çirkin əməllərin acı sonu - REPLİKA

12 Sentyabr 19:40 Keşlə 791
Çirkin əməllərin acı sonu - REPLİKA

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov əsir-coşur, Anatole Abanqı cəzalandıracağını deyir, onu əvəzedici heyətə göndərəcəyindən danışır. Həqiqətən də Sənan müəllim əsəbi görünür, hələ Zaur Axundov müəllimi demirik. 3 oyuna 3 məğlubiyyət hər məşqçiyə, hər rəhbərə ağır gələr.

Ötən gün “Zirə” ilə oyunda “Keşlə”nin hücumçusu Anatole Abanqın rəqib futbolçuya duran yerdə dirsək vurması, qırımızı vərəqə alıb komandasını meydanda azlıqda qoyması pis təsir eləyib Sənan Qurbanova.

Bu məqamda ortaya sual çıxır ki, bəs, ötən mövsüm “Zirə”nin müdafiəçisi Çantakiasa sürtüşüb ona qırmızı vərəqə aldıranda, məşhur qalmaqallı kubok oyununda “Zirə”nin digər müdafiəçisi Lazar Corceviçi təhrik edib ona da qırmızı vərəqə verdirəndə Abanq yaxşı idi, indi oldu pis?

Axı, kim də bilməsə Sənan Qurbanov yaxşı bilirdi ki, Abanq özü gedib sürtüşürdü “Zirə”nin müdafiəçilərinə. Yeganə fərq ondadır ki, həmin oyunlarda Elçin Məsiyevlə Pərvin Talıbov tandemi iş başındaydı, bu dəfə baş hakim Əliyar Ağayevin qətiyyəti və dördüncü hakim Rövşən Rəcəbovun sayıqlığı “Keşlə”nin planlarını pozdu.

Hakimlər 28-ci dəqiqədə Abanqın rəqibinə dirsəklə zərbə vurmağını gözdən qaçırsaydı, böyük ehtimalla az sonra əsəblərinə hakim ola bilməyən “Zirə”nin müdafiəçisi Nemanya Andelkoviç də eyni hərəkəti təkrarlayıb qırmızı vərəqə ilə meydandan qovulacaqdı.

Ona görə də, Sənan Qurbanova məsləhət görərdik ki, Abanqı nə cəzalandırmaq, nə də əvəzedici heyətə göndərmək lazımdır. Ona izah eləmək gərəkdir ki, həyatda hər şey bumeranq kimidir. Elədiyin hər pis əməl gec-tez adamın öz qabağına çıxır.

Abanqın yanında həmişə Elçin Məsiyev, Pərvin Talıbov kimilər olmayacaq ki, ədalətin Əliyar Ağayev, Rövşən Rəcəbov kimi üzü də var.

Xatırladaq ki, ötən gün öz meydanında “Zirə”yə (0:2) uduzan “Keşlə” mövsümə ardıcıl 3 məğlubiyyətlə başlayıb. (Sportal.az)

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 23:20 Ağayevə gələn dəvət