"Keşlə"nin yeni baş məşqçisi…  Adlar masada olanlar

24 Yanvar 2021 13:40 Şamaxı 1 799
"Keşlə"nin yeni baş məşqçisi…  Adlar masada olanlar

Yunis Hüseynovla yolları ayıran «Keşlə»nin yeni baş məşqçisinin adı yaxın tarixdə açıqlanacaq.

Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu vaxt itirmədən axtarışa çıxıb.

Çalışmalara həm ölkə daxilində, həm də xaricdə start verilib.

Əslində, Hüseynovun gedəcəyi günlər öncədən bilinirdi, gəldi bu gün rəsmiləşdi. O üzdən artıq bir neçə namizədin adının masa üzərində olması təəccüblə qarşılanmamalıdır.

Menecerlər Ukrayna və Niderlanddan olan mütəxəssisləri «Keşlə»yə təklif edib. Yerlilərdən isə hazırda ən çox istənilən məşqçi Ayxan Abbasovdur.

Üçüncü ildir «Sumqayıt»ı çalışdıran Abbasovun müqaviləsinin olması və mövsüm bitmədən buradan ayrılmaq istəməməsi «Keşlə» yönətimini bir qədər dərin düşüncələrə qərq edib.

Axı sezonun başa çatmasına hələ 4 ay qalıb, bu müddətdə isə komandanı başsız qoymaq olmaz.

Hər halda avrokuboklara vəsiqə şansı itməyib və həm çempionat, həm də kubok yolu ilə məqsədə çatmaq mümkündür. Nəzəri cəhətdən bu imkan qalmaqdadır.

Odur ki, idarəçilər mövcud şansın tamamilə əldən çıxmasını istəmir.

Adətən, burada nə vaxt baş məşqçi istefa yaşanır, onu Zaur İsmayılov əvəzləyir. Bakılılar «ənənəvi kart»dan istifadə etməyə indi bir o qədər həvəslə yanaşmır. Çünki İsmayılov baş məşqçini əvəzlədiyi oyunlarda nəticə göstərə bilməyib.

Elə Kamal Quliyevə də böyük ümidlər yoxdur. Bir-iki oyun komandanı meydana çıxara bilər, ancaq onunla bağlı uzunmüddətli planlar nəzərdə tutulmayıb.

Füzuli Məmmədov? Noyabrda «Neftçi» ilə vidalaşan «A» kateqoriyalı çalışdırıcının «Keşlə»yə gəlmək ehtimalı var. Yaddan çıxarmayaq ki, o, sabiq «bankirlər»in yeni idman direktoru Ceyhun Sultanovla «Neftçi»də bir yerdə işləyib.

Amma Sultanov bu riskə gedəcəkmi? Vaxtilə etdiyi səhvləri bir daha təkrarlayacaqmı? Bunlar da hələlik açıq qalan suallardır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!