İspaniya La Liqasında transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış “Atletiko” hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı rəsmi açıqlama yayıb.
Madrid təmsilçisi argentinalı forvardı heyətinə qatmaq istəyən “Barselona” ilə danışıqlar aparmayacağını açıqlayıb.
Bu qərar klubun direktorlar şurasının iclasında təsdiqlənib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun açıqlamasında “Barselona”nın bu tələblərə cavab vermədiyi bildirilib:
“Atletiko” transfer bazarında danışıqlara açıqdır, ancaq bunu klublar arasında etik davranış, peşəkarlıq və qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirir.
Klubun daha əvvəl açıqladığı mövqeyi tam dəstəkləyirik. “Barselona” bu tələblərə cavab verməyib.
Nəticə etibarilə, Xulian Alvaresin transferi ilə bağlı onlarla heç bir danışıq aparılmayıb və aparılmayacaq.
“Atletiko” əmindir ki, futbolçumuz bu qərarı qəbul edəcək və diqqətini işinə yönəldərək, klubun qarşısına qoyduğu məqsədlərə çatmasına kömək edəcək. O, artıq iki mövsümdür klubumuzun formasında bunu edir”.
Alvaresin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
