“Real” 20 yaşlı hücumçusu Yakobo Orteqanı “Strasburq”a satıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin məbləği 10 milyon avro təşkil edib.
Bu, əsas komandada heç bir oyuna çıxmamış “Real” yetirməsinin satışından əldə olunan rekord məbləğdir.
Bununla belə, Madrid təmsilçisi futbolçunun hüquqlarının 30 faizini özündə saxlayıb. “Strasburq” əvvəlcə Orteqanın hüquqlarının 50 faizini 8 milyon avroya almağı təklif edib.
İspaniyalı forvard 2018-ci ildə, 12 yaşında “Real”ın akademiyasına qoşulub və klubun müxtəlif yaş qruplarında çıxış edib. O, “kral klubu”nun sistemində ümumilikdə 8 mövsüm keçirib.
“Real” yeni mövsüm öncəsi son yoxlama oyununda “Şalke”ni 3:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisi üçün bu qarşılaşma mövsümöncəsi son sınaq olub.
Komanda yeni mövsümün ilk oyununu avqustun 22-də, “Espanyol”a qarşı keçirəcək.
