“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini rəsmiləşdirməyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
30 yaşlı futbolçu bu gün Barselonaya gedəcək və birbaşa otelə yollanacaq. O, sabah şəhərdəki xəstəxanalardan birində tibbi müayinədən keçəcək.
İspaniyalı yarımmüdafiəçinin “Barselona”nın yeni transferi kimi təqdimatı da sabah günorta saatlarına planlaşdırılıb. Tədbirin klubun ofisində keçiriləcəyi bildirilir.
Daha əvvəl “Barselona” ilə “Mançester Siti”nin Rodrinin transferi ilə bağlı prinsipial razılığa gəldiyi açıqlanmışdı. Kataloniya klubunun futbolçu üçün ödəyəcəyi zəmanətli məbləğ 60 milyon avro olacaq.
Razılaşmaya əsasən, daha 11 milyon avro müxtəlif bonuslar şəklində ödənilə bilər. Digər bonus ödənişləri də nəzərə alınmaqla, transferin ümumi dəyəri daha yüksək ola bilər.
Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. İngiltərə klubu həmin vaxt onu “Atletiko”dan 70 milyon avroya transfer etmişdi.
O, ötən mövsüm “Mançester Siti”nin heyətində 33 oyuna çıxıb və 2 qol vurub.
