“Real”ın sabiq yarımmüdafiəçisi Klod Makalele, “Bayern”in vingeri Maykl Olisenin Madrid klubuna mümkün transferini dəstəklədiyini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Olisenin müasir futbolun ən parlaq simalarından biri olduğunu deyib:
“Mən bu transferi dəstəkləyərdim. Florentino Pereslə (“Real”ın prezidenti) danışmaq imkanım oldu və ona dedim ki, bir futbolçuya pul xərclənəcəksə, bu, Maykl Olise olmalıdır.
Olise bizə uşaqlıqda futboldan aldığımız hissləri qaytarır – istedadı, azad oyunu, ustalığı və səmərəliliyi.
O, meydanda olmayanda yoxluğu dərhal hiss olunur. Olise formada olanda Lionel Messi kimi hər an gözlənilməz nəsə edə biləcəyini hiss edirsən.
Osman Dembele, Kilian Mbappe və Bredli Barkola da bilirlər ki, Maykl rəqiblərin gözləmədiyi nöqtəyə top ötürə bilir. Məhz belə futbolu sevirik. Şərhçilər onun texnikasına heyran qalırlar. O, həqiqətən də qeyri-adi futbolçudur”.
24 yaşlı futbolçu hazırda DÇ-2026-da çıxışını davam etdirən Fransa millisinin aparıcı üzvlərindən biridir.
Onun komandası mundialın yarımfinalında bu gün İspaniya millisi ilə qarşılaşacaq. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

