“Real”ın sabiq qapıçısı İker Kasilyas, keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kasilyas, İspaniya millisinin üzvləri kimi, tez-tez Ronaldonun dünya çempionu olmaması ilə zarafat etdiklərini bildirib:
“Biz ispanlar onunla tez-tez zarafatlaşırdıq. Çünki biz dünya çempionu olmuşduq, o isə yox.
O, nailiyyətlərindən danışanda ona dünya kubokunu göstərib deyirdik: “Buna bax”. Hətta bəzən paltardəyişmə otağında dünya kuboku ilə çəkilmiş şəklimi qəsdən onun yerinə qoyurdum.
O isə cavabında deyirdi: “Amma mənim dörd “qızıl top”um (hazırda beş) var”.
Mən də soruşurdum: “Bütün “qızıl top”larını dünya çempionluğuna dəyişməzdinmi?” Bu, onu əsəbiləşdirirdi. Amma o, həmişə mehriban idi və aramız çox yaxşı olurdu”.
Kasilyas və Ronaldo 2009-2015-ci illərdə “Real”da birlikdə çıxış ediblər. İspaniyalı keçmiş qapıçı 2015-ci ildə klubdan ayrılıb, portuqaliyalı oyunçu isə ondan üç il sonra Madrid təmsilçisi ilə vidalaşıb.
40 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in formasını geyinir. Kasilyas isə futbolçu karyerasını bitirib.

