İslaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın “Neqreyra işi” ilə bağlı mövqeyinə münasibət bildirib və Madrid klubunu ikili standartlarda ittiham edib.
“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərmiş Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrike Neqreyraya ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın rəhbəri “Real”ın mövqeyindəki sərtliyin zamanlama baxımından diqqət çəkdiyini bildirib:
“Necə də təsadüfdür ki, “Barselona” Avropa Super Liqası layihəsindən çıxdıqdan sonra “Real”ın aqressiv hüquqi hücumları yenidən başladı”.
O, əlavə edib ki, “Real”ın prezidenti Florentino Peres “Neqreyra hadisələri”nin baş verdiyi dövrdə İspaniya Futbol Federasiyasının idarə heyətinin üzvü olub:
“Florentino Peres həmin vaxt federasiyanın idarə heyətində idi, amma heç bir narazılıq bildirmirdi.
Bu, şantaj adlanır: sən mənim tərəfimdə olanda bildiklərimi açıqlamıram, amma sonra bunu edə bilərəm”.
Tebasın bu açıqlamaları İspaniya futbolunda uzun müddətdir davam edən “Neqreyra işi” ətrafındakı gərginliyi daha da artırıb.

