“Əl-Hilal”ın futbolçusu Joao Kanselo qış transfer pəncərəsində yenidən “Barselona”ya qayıtmağa ümid edir.
Səudiyyə Ərəbistanı klubu artıq portuqaliyalı müdafiəçinin icarəsini “İnter”lə razılaşdırsa da, futbolçunun özü prioritet olaraq Kataloniya klubunu görür.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kanselo “Barselona”ya dönüş fikrinə sözün əsl mənasında aludə olub və bu komandanın formasını yenidən geyinməyi çox istəyir.
Ancaq bu keçidin qarşısında ciddi bir problem var – futbolçunun yüksək maaşı. Hazırda Kanselo “Əl-Hilal”da illik 15 milyon avro xalis gəlir əldə edir ki, bu da La Liqa klubu üçün faktiki olaraq qarşılanması mümkün olmayan məbləğdir.
Transferin reallaşması üçün Səudiyyə Ərəbistanı klubu onun maaşının böyük hissəsini öz üzərinə götürməlidir.
31 yaşlı müdafiəçi 2023–2024 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib.

