“Barselona”nın vingeri Lamin Yamal yenidən qasıq ağrılarından əziyyət çəkir. O, bu zədəni sentyabrda almış və bir neçə oyunu buraxmışdı. Ancaq problem son vaxtlar yenidən qayıdıb.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Real”la keçirilən “el klasiko” matçında (1:2) Yamal ağrılar səbəbindən maksimum səviyyədə oynaya bilməyib.
Bu, onun həm sürətinə, həm də dözümlülüyünə təsir göstərib. Buna görə də, “Barselona”nın məşqçilər heyəti oyunçunun meydandakı rolunu dəyişdirib, onu artıq yüklənmədən qorumağa çalışıb.
İspaniyalı futbolçu klubdan kənarda da tibbi məsləhətləşmələr aparır. Həkimlər ağrının hansı səviyyədə normal hesab oluna biləcəyini və əməliyyatın zəruri olub-olmadığını araşdırır. Hazırda əməliyyat planlaşdırılmır və dəqiq qərar yoxdur.
Buna baxmayaraq, 18 yaşlı futbolçu komanda ilə birlikdə məşqləri davam etdirir. Onun hazırlıq proqramı maksimal intensivlikdən uzaqdır, çünki sıx oyun təqvimi fonunda əsas məqsəd futbolçunun rəsmi matçlara tam formada çıxmasıdır.

