“Real”da baş məşqçi Xabi Alonsonun gətirdiyi dəyişikliklər bəzi oyunçular arasında narazılıq yaradıb.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis komandaya gəldikdə, oyunçuların paltardəyişmə otağında bir çox pis vərdişlərin olduğunu görüb.
İspaniyalı çalışdırıcının ilk mesajlarından biri belə olub ki, onun rəhbərliyi altında hər kəs top rəqibdə olduqda daha çox qaçmalı və işləməlidir, əks halda, heç kimin əsas heyətdə yeri təmin edilməyəcək.
O, kapitanlar və daha yaşlı oyunçularla birlikdə yeni qaydalar toplusunu hazırlayıb. Bura bazaya vaxtında gəlmənin önəmi, məşqlərdə yüksək intizam və əzmkarlıq daxil edilib. Hələlik gecikmələr üçün cərimələr tətbiq olunmayıb.
Alonso daha ciddi nizam-intizam yaratmaq üçün məşqlər, qrup və fərdi videosessiyalar, eləcə də, daha çox profilaktik məşqlər təşkil edib.
Buna baxmayaraq, bəzi oyunçular dəyişikliklərdən narazıdır və özlərinə hörmət edilmədiyini düşünürlər. Onlar hesab edirlər ki, indi meydanda ən yaxşı keyfiyyətlərini göstərmək üçün az azadlıqları qalıb.
Bəzi oyunçular çoxlu titullar qazanıblar, amma Alonsonun tələb etdiyi işləri etməyiblər. İndi bu onlara tətbiq olunanda şikayət etməyə başlayıblar.
Bu, normaldır, xüsusən də, uzun müddət toxunulmaz hesab olunan oyunçular üçün.
Alonsonun daha ciddi və tələbkar yanaşması əvvəlki baş məşqçi Karlo Ançelottinin üsulları ilə müqayisədə fərqlənir.

