“Barselona”nın müdafiəçisi Ronald Arauxo İspaniya La Liqasının 10-cu turunun “Real”la oyunundan (1:2) sonra baş verən dava-dalaş barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı müdafiəçi bunu deyib:
“Məyus olduq, amma özümüzü toparlayıb irəliləməliyik. Qarşıda uzun bir mövsüm var və səhvlərimizi düzəltməliyik.
Qulaq asın, indi Lamin Yamal haqqında danışmayacam. Sadəcə deyəcəm ki, o, əla peşəkardır və bizimlə olduğuna görə şadıq.
O, öz yaşında bir insandır və nə etdiyini bilir. Oyundan sonra nə baş verdiyini bilmirəm. Sadəcə onları ayırmağa getdim.
Yamalın “Real”ın onun açıqlamalarına necə reaksiya verməsi vecinə deyil. Vecinə deyil! Bu, onların işidir.
Oyunu qazanmaq istəyirdik, amma bunu edə bilmədik, ona görə də, irəliləməliyik”.
Oyunun final fitindən bir neçə saniyə əvvəl komandaların ehtiyat oyunçuları arasında dava düşüb.
“Real”ın ehtiyat qapıçısı Andrey Lunin sarı vərəqə alıb. Matçın final fitindən sonra həmçinin, meydandakı oyunçular arasında toqquşma baş verib.
“Real” La Liqada 10 oyundan sonra 27 xalla birinci yerdədir. “Barselona” isə 22 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

