Yay transfer dönəmində “Barselona”dan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən ispaniyalı müdafiəçi İniqo Martines sabiq baş məşqçisi Hans-Diter Fliklə vidalaşma anlarından danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu qərarı birbaşa Flikə deməkdən çəkindiyini etiraf edib:
“Flik həqiqətən mənə bağlanmışdı. O, yalnız meydanda yox, kənarda da komandaya verdiyim töhfəni yaxşı anlayırdı.
Məni öz planlarının mərkəzində görürdü. Ona görə də, son anda bu planın bir hissəsinin dağılması onu çaşdırdı – bu, normaldır.
O, məni komandada sabit element hesab edirdi. Dəyişikliyi eşidəndə təəccübləndi, xüsusilə də, bunu təyyarədə öyrəndiyinə görə.
Açığı, bu barədə ona dərhal deməyə cəsarət etmədim. Həmişə deyirdim: “Sabah deyərəm”. Sonra sabah gəlirdi və düşünürdüm: “Yox, indi yox”.
Martines qərarını baş məşqçinin köməkçisi Markus Zorqa bildirdikdən sonra, nəhayət, təyyarədə Fliklə danışmağa qərar verib:
“Bu xəbəri eşidəndə o, təəccübləndi, bu onun üçün sürpriz oldu”.

