“Yeni yaranmış komandayıq, gücümüz, istəyimiz çoxdur, təcrübəmiz azdır”

6 İyun 2024 02:20 Milli komanda 982
“Yeni yaranmış komandayıq, gücümüz, istəyimiz çoxdur, təcrübəmiz azdır”

"Dəfələrlə bəxtimiz gətirmədi, ani hücumda qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın amputant millisinin futbolçusu Fərhad Eyyubov Fransanın Evian şəhərində keçirilən Avropa çempionatında komandanın çıxışını dəyərləndirərkən deyib.

O, İrlandiya yığması ilə ilk oyunda məğlubiyyətə layiq olmadıqlarını söyləyib:

“İrlandiya ilə ən azı heç-heçə edə bilərdik. Son dünya və Avropa çempionu Türkiyə ilə isə açıq oyun getdi.

Sona qədər mübarizə apardıq. Lakin futbolda belə hesablar olur. Üçüncü oyunda İsrailə qalib gəlməyə çalışsaq da, görüş heç-heçə bitdi”.

Milli üzvü qarşıda üç oyun olduğunu vurğulayıb:

“Növbəti rəqibimiz Yunanıstandır. Qələbə qazansaq, İsrail - Şotlandiya görüşünün qalibi ilə oynayacağıq.

Məğlub tərəflər də bir-biri ilə görüşəcəklər. Qrup mərhələsindən gələn 4 komanda da eyni şəkildə qarşılaşacaq.

Daha sonra ümumi olaraq yenə qaliblər qaliblərlə, məğlublar isə digər məğlublarla üz-üzə gələcək”.

F.Eyyubov qarşıdakı oyunlarla bağlı fikirlərini də bölüşüb:

“Bundan sonra məqsədimiz reytinq cədvəlində vəziyyəti düzəltməkdir. Biz reytinqə görə 16 komanda arasında 15-ci idik.

Qarşıdakı oyunlarda maksimum nəticə qazanıb reytinqimizi yüksəltmək istəyirik. Yeni yaranmış komandayıq və ən güclülərin yarışdığı Avropa çempionatında ilk dəfədir iştirak edirik.

Sona qədər əlimizdən gələni edəcəyik. Gücümüz, istəyimiz çoxdur, sadəcə, təcrübəmiz azdır”.

Azərbaycan millisi qrupda İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzub, İsraillə (1:1) heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti