Millinin baş məşqçisi Ayxan Abbasov Avropa turnesinə çıxıb.
Onun səfərdə məqsədi “Sabah“ və “Qarabağ“ın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləməkdir.
Belə ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk turu çərçivəsində “Hapoel”lə üz-üzə gələcək. Görüş avqustun 19-u Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq.
“Qarabağ“ isə Konfrans Liqasının pley-off mərhələsində yarışır. Ağdam təmsilçisi avqustun 20-də Niderlandda “Tvente“nin qonağı olacaq.
Ayxan Abbasovun səfər marşrutu Rumıniyadan başlayıb, Niderlandda bitəcək. O, ayın 21-də vətənə dönəcək.
Gənc çalışdırıcının bütün səfər xərcləri AFFA tərəfindən qarşılanıb. Mütəxəssis hər iki komandanın yerli oyunçularını iş başında izləyəndən sonra yığmanın heyətini açıqlayacaq.
Çünki artıq sentyabrda UEFA Millətlər Liqasında növbəti mövsüm start götürəcək.
Millimiz sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.
SPORTİNFO.AZ
