Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Ayxan Abbasov üçün yola salacağımız bu bir həftə məhsuldar olub.
Avqustun 25-i 45 yaşını tamamlayacaq mütəxəssis millinin idman direktoru İlqar Qurbanovla birgə əvvəlcə Rumıniyada Çempionlar Liqasının “Hapoel” (Beer-Şeva, İsrail) - “Sabah” matçını, bir gün sonra Niderlandda Konfrans Liqasının “Tvente” - “Qarabağ” görüşünü, ertəsi Türkiyədə 1-ci liqanın “Karagümrük” - “Bursaspor” oyununu, nəhayət, dünən Misli Premyer Liqasının “Zirə” - “İmişli” matçına canlı baxıb.
Beləliklə, Abbasov 5 gün ərzində 4 ölkəyə fasiləsiz uzun və yorucu səfərlər edib. 4 Azərbaycan klubunun və hazırda “Bursaspor”da legioner həyatı yaşayan millinin futbolçusu Toral Bayramovun oyunlarını elə stadiondaca izləyib.

Bunda məqsəd aydındır - qarşıdan gələn Millətlər Liqası üçün millinin futbolçularının və namizədlərin hazırlıq durumu ilə yaxından tanışlıq, özlərindən və məşqçilərindən daha yeni informasiya toplamaq.
Təəssüf ki, ən azı son 18 ildə Qurban Qurbanovu çıxmaqla, millidə baş məşqçi işləmiş şəxslər öz futbolçularına və çalışdırdığı komandaya məsafəli münasibətdə olublar. Onlar yalnız məşqdən məşqə, oyundan oyuna millinin içində görünüblər. Bu, acı bir gerçəklik idi və bir daha sübut olunur ki, burda işləyən əcnəbi mütəxəssislər pulu daha çox düşünüblər, nəinki qazanmağa borclu olduqları nəticəni.
Halbuki millinin baş məşqçisi daim komandanın, çalışdığı ölkənin futbolunun içində olmalıdır. Yerli mütəxəssis olan Ayxan Abbasovun ilk gündən bu məsuliyyəti dərk etməsi təqdirəlayiq haldır. Hə, millinin bəzi matçları bütün azarkeşləri və medianı qane etməyə bilər. Odur ki, Ayxan Abbasov və futbolçular haqlı və ədalətli tənqidlərdən nəticə çıxarmalıdırlar.

Bunlar öz yerində.
Amma bu gün Ayxan Abbasov tutduğu vəzifənin onun üzərinə qoyduğu işə vicdanının diktəsi ilə yanaşır. Sabah nəticələrin necə olacağını zaman göstərəcək. İndi isə Abbasov və onun məşqçilər korpusunda yer alan digər azərbaycanlı mütəxəssislər etməli və görməli olduqları işi görürlər: Azərbaycan futbolunu, futbolçusunu kənardan yox, içəridən izləyirlər, hansı vəziyyətdə olduqlarını Yutubdakı 3-4 epizodla qiymətləndirmirlər. Bu azmış kimi, hələ uşaqlar arasındakı yarışda (“Sabahın Ulduzları” turniri) futbolumuzun sabahını izləməyə də vaxt tapırlar.
Əslində bu, qeyri-adi bir şey də deyil. Bu, əsl milli baş məşqçisinin üzərinə düşən peşəkar məsuliyyətdir.
Amma peşəkar futbolun ayrılmaz parçası olan bu həqiqəti illərlə millimizin baş məşqçiləri olmuş əcnəbilər özlərindən uzaq saxlayıblar. Foqts Azərbaycan futboluna Almaniyadan baxıb, Canni de Byazi İtaliyadan, Santuş Portuqaliyadan.
Azərbaycanlı Abbasov isə Bayıldan, Zirədən…
Odur ki, indi əslində olmalı olan hadisələr də bizi yaxşı mənada təəccübləndirir (qol.az)….
Aydın Bağırov
