Azərbaycan və Litva komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
AFFA-nın yaydığı açıqlamada bildirilir ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da, tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
AFFA-nın məlumatına görə, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil.
Saytımız yeni qərarla əlaqəli başqa bir informasiya alıb. Redaksiyamıza daxil olan məlumata görə, matçın məkanının Gəncədən Bakıya dəyişdirilməsi Ayxan Abbasovun təşəbbüsüdür.
Belə ki, baş məşqçi vaxt azlığı ilə əlaqədar federasiya rəhbərliyi qarşısında belə bir məsələ qaldırıb.
O, komandanın normal hazırlıq keçə bilməsi üçün Bakıda qalmasını lazım bilib. Çünki Gəncəyə get-gəl 2 günün yolda «itməsi» deməkdir.
SPORTİNFO.AZ
