Azərbaycan millisinin Millətlər Liqasına hazırlıq çərçivəsində son təlim-məşq toplanışı başa çatdı.
Ayxan Abbasovun yetirmələri Avstriyada keçirdiyi 10 gündə 2 yoxlama matçı ilə yadda qaldı.
Maltaya məğlub olduq, San Marinonu udduq.
Problem bizim udub-uduzmaqda deyil.
Sınaq matçlarında hər cür nəticə qeydə alına bilər.
Və bu çox da müzakirə olunmamalıdır.
Lakin futbolçularımızın meydandandakı performansı ciddi narahatlıq yaratdı.
Legioner limitinin ləğvindən sonra günü ehtiyat oyunçular skamiyasında keçən, oynamaq şansı az alan oyunçular oyun təcrübəsindən axsadıqları aşkar sezilir.
Qablarında olub-qalanını da itirməkdədirlər.
Dünənə qədər milli komandanın həndəvərinə yaxın düşə bilməyənlər bu gün əsas heyətdə çıxış edir.
Baş məşqçinin başqa seçimi yoxdur.
Çarəsizlikdən bu cür vəziyyət yaranıb.
Gələcək çox qaranlıq görünür.
Hə, bu gün San Marinonu çətinliklə də olsa uda bildik. Lap sabah Litva və Lixtenşteyni də uda bilərik. Hətta son son uduzduğumuz Maltanı da udmaq olardı.
Amma bu gedişlə çox yaxın gələcəkdə adını çəkdiyim yığmaları udmaq bizə əlçatmaz görünəcək.
Çünki gözümüzün önündə hamısında inkişaf getdiyi aşkar sezilir. Məsələn, San Marino 5 il əvvəlki San Marino deyil. Ayaqları əməlli-başlı top tutur. Pressinq edirlər, hücumlara çıxırlar. Hətta San Marino belə damla-damla üstünə qoya-qoya gəlir.
Biz isə yerimizdə də saymırıq, geriyə gedirik.
XANOĞLAN / SPORTİNFO.AZ
