“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının qapıçısı Canluici Donnarummanın oyun keyfiyyətləri barədə fikirlərini bölüşüb.
İtaliyalı qolkiper əsasən qapı xəttindəki etibarlı oyunu ilə tanınsa da, ayaqla oyunda o qədər də güclü hesab edilmir.
Ancaq Qvardiola bu yanaşmanın tam doğru olmadığını bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Donnarummanın qısa ötürmələrin tempi baxımından olduqca yüksək səviyyəyə malik olduğunu deyib:
“Donnarumma çox-çox yaxşı qapıçıdır. Qısa ötürmələrin tempində əladır.
Onun arsenalında Edersondakı (“Mançester Siti”nin keçmiş qapıçısı) kimi uzun ötürmələr yoxdur, amma bu məsələdə Edersonla heç bir qapıçı müqayisə oluna bilməz.
Donnarumma çox soyuqqanlıdır, qısa ötürmələrlə hücumların başlanmasında çox yaxşıdır və bu situasiyalarda düzgün qərarlar verir. O, insanların düşündüyündən qat-qat yaxşıdır”.
Donnarumma ötən ilin sentyabrının əvvəlində PSJ-dən “Mançester Siti”yə keçib.

