
“Liverpul”un və Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallisterin şəxsi həyatı yenidən medianın diqqət mərkəzindədir.
2024-cü ildə yayılan məlumata görə, argentinalı futbolçunun keçmiş sevgilisi, tanınmış influenser Kamila Mayan onunla beş illik münasibətinə görə 6 milyon dollar təzminat tələb edib.
Sportinfo.az “Clarin” nəşrinə istinadən xəbər verir ki, Mayan bu tələbi Makallisterin onu hazırkı sevgilisi – hamilə olan Ailen Kova ilə münasibətə görə tərk etməsinə əsaslanaraq irəli sürüb.
O bildirir ki, İngiltərədə yaşadığı müddətdə şəxsi karyerasını inkişaf etdirməkdə çətinlik çəkib və bu səbəbdən, münasibətlərinə görə kompensasiya almağa haqqı olduğunu düşünür.
Ancaq Makallisterin vəkillərinin səyi nəticəsində məhkəmə işi İngiltərəyə keçirilib.
Bu isə Mayanın şanslarını xeyli azaldır. İngiltərə qanunvericiliyində sevgili münasibətləri bitdikdən sonra maliyyə təzminatı almaq kimi hüquqi presedent yoxdur.
Həmçinin, qərar verilib ki, məsələ Argentina məhkəmələrinin yurisdiksiyasına aid deyil, çünki cütlük münasibətləri dövründə əsasən İngiltərədə yaşayıb.
Mayan bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququna malikdir. Ancaq bu proses üçün 6 milyon dollarlıq tələbin 3 faizi qədər, yəni, 180 min dollar dövlət rüsumu ödəməlidir.