
«Komandamız ikinci dövrədə pis təsir bağışlamayib».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Fire»nin baş məşqçisi Teymur Eyvazov deyib.
Futzal üzrə Yüksək Liqada mübarizə aparan paytaxt təmsilçisi yeni ildən sonra sanki uğursuzluq zolağına düşüb.
Ölkə kubokunda yarımfinaldan kənarda qalan komanda çempionatın son turlarında da istədiyi nəticələri qazana bilməyib.
Əsas rəqiblərindən «Araz-Naxçıvan»a 0:1 hesabıyla uduzan kollektiv «Neftçi» ilə bərabərə qalıb - 2:2.
T. Eyvazov arzuolunmaz gedişatın səbəblərini bu cür izah edib:
«Əsas rəqiblırlə oyunlarda xal itirdik. Hərçənd ki, istər «Neftçi», istərsə də «Araz»la matçlarda yaxşı oynamışıq.
Amma daha yaxşı ola bilərdik. Bəzi səbəblər var kı, az da olsa, oyunlarda təsirini hiss elədik.
Onlarda biri zədəli oyunçularımızın çox olmasıdır. Beş nəfərimiz zədəlidir.
Bu da həm hazırlığmızda, həm də oyunlarda bizə mane oldu.
Digər tərəfdən, yığmaya hər dəfə 7-8 oyunçumuz dəvət alır, təlim-məşq toplanışlarında iştirak edir.
Rəqiblərimiz tam heyətlə hazırlaşanda, biz onları «Baku Fire-2»dəki gənclərlə əvəz edirik. Sözsüz, bu da hazırlığımıza təsir göstərir.
Mart və aprel ayları ərzində bizim cəmi 1 ay tam heyətlə hazırlaşmağa imkanımız var. Bəli, işimiz çox çətindir, amma başqa çıxış yolumuz yoxdur.
Zədəli oyunçuları tez bir zamanda tam hazır edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq».