"3 klubdan təklif almışam" - Azərbaycan yığmasının üzvü

3 May 2022 23:40 Futzal 1 630
"3 klubdan təklif almışam" - Azərbaycan yığmasının üzvü

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli üçün “Torpedo” karyerası başa çatdı desək yanılmarıq.

Martın sonlarında Rusiyaya yollanan, lakin geridə qalan müddətdə yalnız 1 oyunda əsas heyətdə yer alan qolkiper Nijni Novqorod təmsilçisində əsas heyət üzvünə çevrilə bilmədi.

Əsas problem həmyerlimizin adının vaxtında sifariş ərizəsinə salınmaması idi. Rövşən komanda ilə məşq edib, taktiki tapşırıqlar üzərində çalışsa da, məlum problemə görə meydana çıxmaqdan məhrum idi.

İndiki vəziyyətdə Hüseynlinin “Torpedo”da qalacağı inandırıcı deyil. Çünki klubla müqaviləsi çempionatın sonuna qədər nəzərdə tutulmuşdu.

Maraqlıdır, səbəbkar gələcəyi ilə bağlı nə düşünür? Karyerasını yenidən Azərbaycanda davam etdirəcək, yoxsa Rusiyada qalıb legioner həyatı yaşamaqda maraqlıdır?

Yığmamızın üzvü Sportinfo.az-a açıqlamasında məsələ ilə bağlı danışıb:

Torpedo” ilə yeni müqaviləylə bağlı danışığımız olmayıb. Bu müddətdə sənədlə bağlı az şans qazandım deyə, gələcəklə bağlı söhbət etməyə vaxtımız olmayıb.

Gördüyüm və bildiyim odur ki, burada olduğum müddətdə klub rəhbərliyi, məşqçilər heyəti və komanda yoldaşlarım məndən razılıq edib. Özləri də görürdülər ki, komandaya kömək etmək üçün alışıb-yanırdım.

Açığı, başqa təkliflərim də var. 3 klubdan təklif almışam. “Torpedo” ilə müqaviləm mövsümün sonuna qədər idi deyə, gözləyirdim. Bundan sonra şərtlərə nəzər salıb, ən uyğun qərar qəbul edəcəyəm”.

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı