ŞİKAYƏTƏ REAKSİYA: "Klubdakı maaşlarında 10 günlük gecikmə olub"

21 Mart 17:24 Digər növlər 153
ŞİKAYƏTƏ REAKSİYA: "Klubdakı maaşlarında 10 günlük gecikmə olub"

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ağırlıqqaldırma üzrə yığma komandanın bəzi üzvlərinin etirazlarına münasibət bildirib.

Qurumdan Sportinfo.az-a bildirilib ki, federasiya idmançıların etirazları ilə tanışdır:

"Onların təlim-məşq toplanışları, qidalanma, geyim və başqa bu kimi məqamlar barədə dediklərinin müzakirəsi belə absurddur, çünki atletlərə bu baxımdan normalara uyğun şərait yaradılıb.

O ki qaldı maaşlar məsələsinə, idmançılar məvaciblərinin uzun müddətdir verilməməsini qeyd edir, bunda federasiyanı günahlandırırlar".

AAAF dünyanın heç bir yerində federasiyanın idmançıya maaş vermədiyini vurğulayıb: "İdmançılar arasında dünya, Avropa çempionatları və Olimpiya Oyunlarında qazandıqları nəticələrə görə Milli Olimpiya Komitəsinin təyin etdiyi maaşı alanlar da var.

Federasiyanın işi toplanışlar vasitəsilə yığma komandanın hazırlığını təşkil edərək beynəlxalq yarışlarda yüksək səviyyədə iştirakını təmin etməkdir. Maaş isə klubların üzərindədir, idmançılar özlərinin məxsus olduqları klub, cəmiyyət, bədən tərbiyəsi və idman təşkilatlarından məvacib almalıdırlar.

Yəni bir sözlə, gecikmə federasiyadan yox, klubdandır. Ancaq bu məsələ də şişirdilib. İdmançılar yanvar ayının maaşlarını alıblar. Onlara ödənilməli olan fevral ayının maaşı isə martda verilməli idi.

Məlum olduğu kimi, ölkədə xüsusi rejim tətbiq olunduğundan bütün idman yarışları, ümumilikdə peşəkar idman fəaliyyəti dayandırılıb. Bu səbəbdən klublar da fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalı, dondurmalı olurlar. Eyni hal da ağır atletlərdə baş verib.

Onların klubdakı maaşlarında 10 günlük gecikmə olub və son görüş zamanı bundan sonra məvaciblərinin necə ödəniləcəyi barədə məsələyə bayramlardan sonra qayıdılıb müzakirə ediləcəyi elan edilib.

Onlar da bunu yanlış anlayıb ictimaiyyətə də yanlış məlumat veriblər. Bu, xoşagəlməz haldır və məsələnin bu qədər şişirdilməsi, rezonans doğurmasına cəhd edilməsi heç də yaxşı deyil, idmanın, bilavasitə ağır atletikanın inkişafına mane olan, zərbə vuran məqamdır”.

Azərbaycan millisinin üzvləri müxtəlif sosial şəbəkələr vasitəsilə maaşlarını ala bilmədikləri üçün etiraz ediblər.

Xəbər Lenti