
"Bu dəfə yarışa daha yaxşı hazırlaşmışdım.
Bütün bacarığımı göstərməyə çalışırdım. Tam olaraq istədiyim kimi çıxış edə bilmədim".
Sportinfo.az xəbər verir ki, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında iki qızıl, bir gümüş və bir bürünc medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova deyib.
21 yaşıl idmançı İslamiadada 4 medala sahib çıxdığı üçün şad olduğunu bildirib: "5 qızıl medal qazanmaq istəyirdim. Amma bunu da yaxşı nəticə hesab etmək olar. Mənim əsas rəqibim elə özüməm".
Gimnastların Konyadakı yarışda uğurlu çıxış etdiyini deyən Ağamirova Bolqarıstandakı dünya çempionatına hazırlaşacaqlarını söyləyib:
"Məşqlərimə davam edəcəyəm. Mundialda yaxşı nəticə ilə finala vəsiqə qazanmaq niyyətindəyəm".
Zöhrə Ağamirova lentlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc medala sahib çıxıb.