Azərbaycan klubları Türkiyə üçün nə iş görür? – QARDAŞYANA YARDIM

13 Fevral 2023 23:40 Bizimkilər 564
Azərbaycan klubları Türkiyə üçün nə iş görür? – QARDAŞYANA YARDIM

Son günlər Azərbaycan Türkiyə üçün səfərbər olub.

Fevralın 6-sı səhər saatlarında qardaş ölkədə baş verən dəhşətli zəlzələ minlərlə adamın ölümünə, onminlərlə insanın xəsarət almasına səbəb olub.

Hələ də dağıntılar altında qalan onminlərlə insanın xilas edilməsi yönündə işlər davam etdirilir.

İndiki məqamda ürəyi Türkiyə üçün yanan insanların edə biləcəyi təbii fəlakətdən zərər çəkənlərə hansısa formada yardım etməkdir.

Bu, maddi kömək də olar bilər, qida məhsulları və ya qış paltarları. Fevralın 6-dan Bakının və digər şəhər-rayonların müxtəlif nöqtələrində yardım aksiyasına start verilib ki, azərbaycanlılar bu mənada xüsusi fəallıq göstərməklə diqqət çəkir.

Maraqlıdır, Premyer Liqa klublarının bununla bağlı planı nədir? Klub funksionerləri, məşqçi və futbolçular Türkiyəyə hansı formada yardım etməyi düşünür?

Mətbuat katibləri ilə söhbətdə aktual mövzuya toxunduq.

Gündüz Abbaszadə, “Qarabağ”: “Hər zaman qardaş ölkə Türkiyənin yanındayıq. İstər maddi planda olsun, istərsə də mənəvi. Orada baş verən hadisə bizi də sarsıtdı. “Qarabağ” futbol klubu olaraq əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Və artıq bu yöndə əməli işlərə başlamışıq. Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara əlimizdən gələn köməyi göstərəcəyik”.

Rüstəm Allahverdiyev, “Neftçi”: “Hadisədən dərhal sonra bu barədə məşqçi və futbolçu heyətinə, eləcə də işçilərə məlumat verildi. Yardım mərkəzi ilə əlaqə saxlayıb ehtiyac olan məhsullarla bağlı maraqlanmışdıq. Hazırda kimin nəyə gücü çatırsa, bu formada köməyini göstərir. Artıq müxtəlif məhsullar toplanıb. Bundan başqa maddi yardım da yığılıb. Günün sonuna qədər yığım mərkəzinə çatdıracağıq. “Neftçi” futbol klubu olaraq qardaş ölkədə baş vermiş dəhşətli hadisəyə görə üzülür və zərərçəkənlərə Allahdan kömək diləyirik”.

Elnur Həmidov, “Sabah”: “Artıq fevralın 7-dən “Soldati Di Sabah” azarkeş qrupu Türkiyədə baş vermiş zəlzələ ilə bağlı fəlakətdən zərər görənlərə yardım kampaniyasına başlayıb. Biz də “Sabah” futbol klubu olaraq gənclərin təşəbbüsünə qoşulmuşuq. Klub, klubun əməkdaşları, futbolçular bu yardım kampaniyasına dəstək olurlar”.

Süleyman Tağıyev, “Turan Tovuz”: “Hazırda Tovuzda Türkiyəyə dəstək kompaniyasına start verilib. Klub olaraq aktivistlərə qoşulub həmin kompaniyada yaxından iştirak edirik. Klubun rəhbər və sıravi işçiləri lazımi məhsulların alınmasında, eləcə də yük maşınlarına doldurulmasında fəal iştirak edir. Tələbat olan mallar – geyim və qida məhsullarının alınmasında köməkliyimizi göstəririk. Bundan başqa, fevralın 11-də baş tutacaq qərb derbisində - “Turan Tovuz” – “Kəpəz” oyununda bilet satışından əldə olunacaq vəsaiti son qəpiyinə kimi Türkiyəyə göndərəcəyik”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!