2023-ci il üçün əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR - Artım davam edəcək

18 Yanvar 2023 22:10 Bizimkilər 1 274
2023-ci il üçün əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR - Artım davam edəcək

Yeni ilin ilk günlərindən etibarən ölkənin əsas gündəminə çevrilən məsələlərdən biri də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlardır.

Bu məqsədlə Azərbaycanda minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Daha sonra dövlət müəsisələrində fəaliyyət göstərən şəxslərin də maaşı rəsmi inflyasiya rəqəminə uyğun olaraq 15% məbləğində çoxaldılıb. Özəl sektorda isə vəziyyət bir qədər fərqlidir.

Nəzərinizə çatdıraq ki, Dövlət Statistika Komitəsinin son statistik göstəricilərinə əsasən, ölkədə muzdla çalışanlar 1 milyon 70.9 min nəfərdir. Onlardan 905.7 min nəfəri (bir ay öncə: 903.6 min) iqtisadiyyatın dövlət sektorunda, 799.2 min nəfəri (bir ay öncə: 795 min) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Belə olan halda yerdə qalan 800 min nəfərə yaxın özəl sektor işçilərinin taleyi sual doğurur. Təəssüf ki, hazırda əksər özəl müəssisələr işçilərin maaşını artırmır. Bəs görəsən, dövlət həmin insanların sosial təminatını yaxşılaşdırmaq üçün müəsisələri maaş artımına necə təşviq edə bilər? Burada hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, minimum əmək haqqının 300 manatdan 345 manata qaldırılması ilə özəl müəssisələrin işçilərə verdiyi maaşı bu həddə uyğunlaşdırmasına maaş artımı demək olmaz. Bu dövlət-özəl fərq etmədən bütün müəssisələrə aiddir. Heç kəsin də ixtiyarı yoxdur ki, işçiyə minimum həddən aşağı maaş versin.

Deputatın sözlərinə görə, ölkədə baş verən qiymət artımı və inflyasiya fonunda dövlət tərəfindən sahibkarlarla müəyyən işlər aparılıb:

"İqtisadiyyat nazirliyi tərəfindən iclaslar keçirildi. Özəl sektorlara tövsiyə olundu ki, işçilərin maaşları artırılsın, hətta vergi orqanları vergi sistemində yoxlamalar apardı ki, bu məsələ daha çox qabardılsın.

Aldığım məlumata görə, bəzi özəl müəssisələr maaş artımı tövsiyəsinə riayət edirlər. Çalışırlar ki insanların maaşları aşağı olmasın. Lakin hazırda bundan yayınanlar da az deyil.

Çünki işçiyə çox maaş vermək, həm də çox vergi ödəmək deməkdir. Ona görə də bir vaxtlar Azərbaycanda “konvört” sistemi mövcud idi.

Daha sonra bu yavaş-yavaş ləğv olundu. Bütün hallarda işçiyə aşağı maaş yazmaq olmaz. Çünki bu işlə bağlı ciddi yoxlamalar gedir".

"Özəl sektorda maaş artımı nə qədər olmalıdır?" sualına gəldikdə isə deputat bildirdi ki, bu bir qədər həmin müəsisələrin insafına qalan məsələdir:

"Mən də istəyərəm ki, hər kəs yüksək gəlir əldə etsin. Belə bir reallıq var ki, bazara nə qədər pul kütləsi daxil olursa, o qədər inflyasiya təzyiqi yaranır. Bunlar hamısı hesablanır.

Dövlət başçısı 300 manatı 345 manata çatdırdı. O, bu məbləği 450-500 manat da edə bilər. Amma digər tərəfdən bu amil özlüyündə süni qiymət artımına şərait yaradır".

V.Əhmədov onu da vurğuladı ki, 2023-cü ildə ölkədə inflyasiya davam etsə, ərzaqların, dərman vasitələrinin və s. qiymətində bahalaşma baş verərsə, dövlət tərəfindən minimum əmək haqqı və maaş artımı davam etdiriləcək:

"Apardığım analizlərə görə, 2023-cü ildə müəyyən qıtlıq gözlənilir. Lakin bu Azərbaycana aid deyil. Ölkəmizin kifayət qədər vəsaiti var ki, istənilən məhsulu alıb gətirsin".

Vahid Əhmədovun fikrincə gələn il Azərbaycanda iflyasiya 6.9% təşkil edəcək: "2023-cü ildə ölkədə ciddi qiymət artımı müşahidə edilməyəcək. Ola bilsin Rusiya-Ukrayna müharibəsi dayansın və stabilləşmə prosesi getsin".

Qeyd edək ki, ölkədə son olaraq ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9 %, qeyri-ərzaq məhsulları 7,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10 % bahalaşıb.

Bu ilin avqust ayında inflyasiya iyul ayına nisbətən 0,9 %, ötən ilin avqust ayı ilə müqayisədə isə 14,2 % olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!