
“Qarabağ” tarixində ilk dəfə avrokubok oyununda bəxtini penaltilər seriyasında sınayıb.
Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Molde” ilə duelində gerçəkləşib.
120 dəqiqəsi qolsuz bitən Kiprdəki matçda Norveç klubuna 5:6 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Azərbaycan komandalarının ənənəsinə sadiq qalıb.
Belə ki, avrokuboklar tarixində 7-cı dəfə oyunsonrası seriyada dəqiqliyini sınayan təmsilçilərimiz həmişəki kimi yenə uduzub. Əvvəl “İnter” adını daşıyan “Keşlə” 4, “Bakı fəhləsi” və “Bakı” isə hərəyə bir dəfə “Qarabağ”ın taleyini yaşayıb.
Azərbaycan klubları avrokuboklarda penaltilər seriyalarında
1998/99 mövsümü, İntertoto kuboku
Bakı fəhləsi - İnkaras (Litva) - 4:5 (hər iki komanda evdə qalib gəlib – 1:0)
2007/08 mövsümü, İntertoto kuboku
Daçiya (Moldova) – Bakı – 3:1 (hər iki oyun - 1:1)
2010/11 mövsümü, Çempionlar Liqası
Lex (Polşa) – İnter – 9:8 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2012/13 mövsümü, Avropa Liqası
Asteras Tripolis (Yunanıstan) – İnter – 4:2 (hər iki oyun 1:1)
2014/15 mövsümü, Avropa Liqası
İnter - Elfsborq (İsveç) – 3:4 (hər iki komanda səfərdə qalib gəlib – 1:0)
2020/21 mövsümü, Avropa Liqası
Keşlə - Laçi (Albaniya) – 4:5 (yeganə oyun – 0:0)
2020/21 mövsümü, Çempionlar Liqası
Qarabağ – Molde (Norveç) – 5:6 (yeganə oyun – 0:0)
Qeyd: “Keşlə” əvvəl “İnter” adlanıb.