Qurbanov: "Formanı bərpa etmək üçün 3 həftə azdı"

1 İyun 2020 18:06 Azərbaycan Futbolu 454
Qurbanov: "Formanı bərpa etmək üçün 3 həftə  azdı"

Koronavirusa görə dayandırılan Gürcüstan çempionatı iyunun 25-i bərpa olunacaq. Ötən gün klublar hazırlığı bərpa edib.

Sportinfo.az xəbər verir ki, "Samtredia"da çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov ilk məşq günündən danışıb:

"İlk məşqdən sonra elə də yorğunluq yox idi, çünki ağır hazırlıq verilməmişdi. Məşq yaxşı keçdi. Addım-addım məşqlərimiz ağırlaşacaq və bundan sonra yorğunluq yaranacaq.

Uzun müddət məşq etməmək ağır hissdir. Üç aya yaxındır evdəyik. Hamının üzündə məşqlər başladığı üçün təbəssüm var. Əsas hazırlığı bərpa etmək idi, qalan məsələlər də düzələcək".

Gürcüstan çempionatı martın ilk həftəsi dayandırılmışdı. Yüksək liqada 2 tur oynanılıb. 28 yaşlı yarımmüdafiəçi forma yığmaq üçün 3 həftənin az müddət olduğunu deyib:

"Sözsüz ki, ayın 25-dək futbolçular 100 faiz forma yığa bilməyəcək. Mən belə düşünürəm. Çünki 3 ay futboldan kənar qalmaq böyük müddətdir. Formanı bərpa etmək üçün 3 həftə çox azdır. Ancaq başqa çıxış yolu yoxdur. Ehtiyatlı olub, maksimum güc sərf edib, formanı bərpa etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti