Qara yumor və ya endemik reaksiya

29 Mart 2020 23:20 Azərbaycan Futbolu 455
Qara yumor və ya endemik reaksiya

Avropanın tanınmış futbol klubları etirazlara məhəl qoymadan futbolçularının maaşlarını azaldır. Böyük biznes sahələrindəki durğunluğun çox ciddi maddi çöküşlə nəticələnəcəyi bəlli məsələdi. Qaçılmaz pul itkisi ilə üz-üzə qalanlar haqda "köhnə qitə”nin idman mətbuatından üzücü informasiyalar oxuyuruq. Ağıllı başların düşünüb formalaşdırdığı nəhəng sistemlər laxlayır, pul üzərində qurulmuş müasir, böyük futbol sarsılır. Hüquqi quruluşuna görə "Barselona” kimi 150 milyon avro ziyana düşənlər də var, futbolçularının əməkhaqqının 60 faizini həftəlik matçlardan gələn gəlirlərlə ödədiyi üçün bu belə vaxtda ümidi ianələrə qalanlar da...

8 Azərbaycan klubu elitada mübarizə aparır. Dünyanın çox yerində olduğu kimi, Premyer Liqamız da təxirə salınıb. Sərmayəçi və səhm anlayışından bixəbər, yaxın 10 ildə Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilmək ehtimalı olmayan ölkə klublarının itirəcəyi nəsə yoxdu. Əksinə, gəlir gətirmədiyi halda bu sahəyə pul ayırmağı boynuna götürənlər (könüllü və ya məcburiyyətdən) müəyyən qənaət edəcək.

Hemenqueysayağı desək, mövcud durumda bir qədər qara yumor qoxusu var. Sanki müasir dünya standartlarına cavab verməyən, gəliri xərciylə uzlaşmayan klublarımız səhm anlayışından bixəbərliyin verdiyi üstünlüyün, təhlükəsizliyin ağuşundadı.

Şər deməsən, xeyir gəlməz. Durğunluğa səbəb olan vəziyyət 4,5,6 ay da sürsə belə, Azərbaycan təmsilçiləri süqut təhlükəsiylə üz-üzə qalmayacaq. Oynaya-oynaya maaş alan oyunçulara evdə fərdi qaydada çalışdığına görə əməkhaqqı ödəyən sponsorların ilin əvvəlində "kisə”dən ayırdığının azalmaq, artmaq, dəyişmək ehtimalı yoxdu. Yəni avrokuboklarda iştiraka görə UEFA tərəfindən verilən müəyyən məbləği nəzərə almasaq, təmsilçilərimiz qazana bilmədiyi üçün itirmir.

Bizim klubların qlobal pandemiya dönəmində düşdüyü duruma yetərincə endemik reaksiya verməsi geridəqalmışlığın qələbəsidi. Hərdən belə də olur (fanat.az).

Nihat Ağasoy

Digər Xəbərlər
Xəbər Lenti