Adam özü futbola düşmüş virusdur

20 Mart 09:14 Azərbaycan Futbolu 349
Adam özü futbola düşmüş virusdur

Ötən il boyunca Elxan Məmmədovun dilindən eyni sözləri çox eşitmişdik. AFFA-nın baş katibi I divizionda danışılmış oyunlardan bəhs edərkən “bu virusun kökünü kəsməliyik” cümləsini tez-tez işlədirdi. İndi həmin o virusun qohum-əqrəbası yığışıb, dünyada futbolun kökünü kəsdilər.

Adam özü futbola düşmüş virusdu, diqqət yayındırırdı. Hər şey yerini tutdu.

*

Azərbaycan futbolu daha betərlərini görüb. İndi oyunlar təxirə salınıb, yarışlar qısa müddətə dayandırılıb. 18 il öncə, elə buvaxtlar daha çətin günlər yaşayırdıq.

1994-cü ildən UEFA-nın və FIFA-nın üzvü olan AFFA 2002-ci ildə beynəlxalq aləmdən təcrid olunmuşdu. Dövlətin futbol təsərrüfatına müdaxləsi, futbolumuzun ovaxtkı rəhbəri Fuad Musayevin güzəştə getməməsi üzündən daha çətin situasiya ilə üz-üzə qalmışdıq. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatı dayandırması və AFFA ilə pikə çatan gərginlik, FIFA və UEFA-nın 2 illik sanksiyası ilə bitmişdi.

*

Fərqli tarixlərdi. İndi koronavirusa üzündən bir neçə həftəlik fasiləyə görə səbirsizlənirik, əsrin əvvəlində isə futbol təsərrüfatında həyat dayanmışdı. Futbolçularımız xaricə qaçır, oynamağa yer tapır, əlacsız qalanda səviyyələrinin Ukrayna, İran, Rusiya çempionatlarında özünü göstərməyə imkan verdiyini sübut edirdilər. İndi qaçmağa yer yoxdu, bütün dünyada oxşar vəziyyətdi.

İndi idman mətbuatı da iflic durumdadı. Pandemiyadan, vaksindən, yoluxma haqda xəbərlər yazmaq zövq vermir, amma başqa çarə də yoxdu. 2002-ci ildə isə…

O zaman “Futbol+” qəzetində daxili idman şöbəsinə rəhbərlik edirdim. Hər gün futbolsuzluqdan bəhs edən 8 səhifə hazırlamaq asan deyildi. Məcbur qalıb, əməkdaşlarımızdan futbolun ətrafındakı hadisələri işıqlandırmasını istəyir, planlayırdım. Davalar, qalmaqallar, açıqlamalar qəzetimizin bəzəyi idi, sanksiyanın aradan qaldırılması yollarından yazır, səbəbkarları hədəfə alırdıq. Düzlü-səhvli çox işlər görürdük, diqqəti xaricdə oynayanlarımıza yönəldirdik, daha yaxşı sabahın təbliğatını aparırdıq.*

Gözümüzü yumub-açdıq, hər şey yoluna düşdü. Bu gün ağsaqqal kimi müraciət edilən, fəaliyyətindən bəh-bəhlə danışılan Fuad Əsədov ilk prezident Fuad Musayevə xəyanət etdi, özü yeni rəhbərlikdə yer almaq üçün bütün yoldaşlarına arxadan zərbə vurdu, satdı. Daha sonra onun özünü də yola saldılar, futbola milyonlar axmağa başladı. Amma AFFA-nın baş katibi postu yenə futbolu yox, şəxsi maraqlarını düşünən birinə – Elxan Məmmədova tapşırıldı.

Artıq 13 ildi bu şəxs iş başındadı. Heç nə dəyişməyib. Nəticələr həminkidi, kütləvilik, komanda, futbolçu sayı daha da azalıb. Yalnız dövlətin xüsusi qayğısı nəticəsində infrastruktur yaxşılaşıb. Məmmədovun səriştəsizliyi üzündən futbol adına hər şey əvvəlki kimi, hətta daha pisdi.

2000-ci illərin əvvəlində, futbolsuz qaldığımız günlərdə “Futbol+”-in hər sayında Vüsaqi imzası ilə sütun yazılarım çap olunardı. AUT (Acısını Unutmayacağımız Tarix) adını seçməyim həm də rəmzi məna daşıyırdı, futbol ailəsindən bayıra atılmışdıq və hər dəfə bunun fəsadlarından bəhs edirdim.

*

İndi futboldan kənara atılmamışıq, bütünlüklə dünya futbolu həbsdə, karantindədi. O günləri görmüş adamlar üçün indiki müvəqqəti durğunluq heç nədi. Motivasiyalı, pozitiv olaq, sərt karantin qaydalarına riayət edək. Yəqin ki, apreldən qaranlıq gecələr aydınlanmağa başlayacaq, yenə stadionlarda görüşəcəyik. Ona ümid edək ki, indiki fasilə insanlarda mənəviyyat tellərini oyadacaq. Bundan sonra bir-birimizə daha hörmətlə yanaşmalı, bir-birimizin qədrini bilməliyik. Dünya hakimiyyəti kimi futbol hakimiyyəti də fanidi, əsas olan insanlığı itirməmək, çətin günlərdə bir-birinə dayaq olmaqdı.

Karantindi, AFFA rəhbərliyi gözə dəymir. Milli komandaya baş məşqçi seçmək, ümumiyyətlə, mövcud durumu müzakirə etmək üçün toplanmağı lazım bilmədilər, hətta indi dəbdə olan videokonfrans da keçirmədilər. Bəlkə karantinin, əli-qolu bağlı qalmağın nə dərəcədə əzbalı olduğunu indi anlayarlar. İmkan ola-ola işləməmək, kənarda qalmaq haqda onlayn-dərsdi. Ümid edək ki, indi bacarıqlı kadrların illərdi səbəbsiz yerə kənarda – “karantin”də saxlanılmasının nə demək olduğunu başa düşərlər. Sevdiyi işdən kənar qalmaq, fəaliyyətsiz saxlanmaq belə olur. İnsanlara qarşı haqsızlıq edirsən, çərxi-fələk sənin özünü o duruma salır, dərs verir. Dərs çıxarmırsansa, başa salmaq üçün başqa çarələr də tapılacaq.

*

Koronavirus dünyanın, indiki AFFA rəhbərliyi isə Azərbaycan futbolunun bəlasıdı. Ona da vaksin tapılacaq, bunlara da. Sadəcə, koronaya görə AVRO-2020 təxirə salındı, futbol tədbirləri ilə bağlı xaos yarandı, bunların ömrü daha bir il uzandı.

Keçəcək, səbrli və pozitiv olun. Nələk görməmişik ki?..

VÜSAL MAHMUDOV

Digər Xəbərlər
Xəbər Lenti