"Fənərbaxça"dan narazılıqla ayrıldı, AFFA-ya "əlcək atdı"

16 Yanvar 2020 19:18 Azərbaycan Futbolu 1 271
"Fənərbaxça"dan narazılıqla ayrıldı, AFFA-ya "əlcək atdı"

"Fənərbaxça"nın idman direktoru Damien Komolli vəzifəsindən istefa verib.

Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun, 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".

Türkiyə mətbuatının iddiasına görə, fransalı mütəxəssisin klub prezidenti Ali Koç və baş məşqçi Ərsun Yanal arasındakı münasibətlər tamamilə pozulduğundan, getməkdən başqa çarəsi qalmayıb.

Sportinfo.az-ın məlumatına görə, fransalı funksioner bir müddət əvvəl AFFA rəhbərliyinə xəbər göndərib.

O, SOCAR-ın Türkiyədəki nümayəndələri vasitəsilə federasiyaya çıxıb. Komolli Azərbaycanda işləyə biləcəyini, təşkilatçı və ya məsləhətçi kimi özünü futbol qurumunda gördüyünü açıqlayıb.

1992-1995-ci illər aralığında “Monako”nun yeniyetmə komandalarında məşqçilik edən Komolli 1996-cı ildən etibarən London “Arsenal”ında skautluq etməyə başlayıb.

İngiltərə təmsilçisindəki 8 illik fəaliyyəti ərzində Kolo Ture, Qael Klişi, Tyerri Anri və Robert Pires kimi məşhur futbolçuları üzə çıxarıb. 2004/05 mövsümündə çalışdığı “Sent-Etyen”də də uğurlu olan mütəxəssis, növbəti mövsümdən etibarən “Tottenhem”in idman direktoru vəzifəsinə təyin olunub.

O, burada Qaret Beyl, Alan Hatton, Kevin Prins Boatenq və Yunes Kabul kimi gəncləri kəşf edərək komandaya qatılmasına nail olub, həmçinin Luka Modriç, Benu Assu-Ekotto, Eurelyo Qomes, Vedran Çorluka, Dimitar Berbatov və Roman Pavlyuçenko kimi ünlülərin də transferini gerçəkləşdirib.

2008-2010-cu illər aralığında yenidən “Sent-Etyen”ə qayıdan və bu klubun idman direktoru postunu tutan Komolli, 2010-cu ildə “Liverpul”da işə başlayıb.

İngiltərə nəhəngindəki ilk mövsümündəcə Luis Suares, Endi Kerrollun transferlərinə imza atıb. 2011/12 mövsümündə fransalı mütəxəssis “Liverpul”u Cordan Henderson, Çarli Adam, Stüart Dauninq, Doni, Xose Enrike, Sebastyan Koates və Kreyq Bellammi kimi oyunçularla gücləndirib.

2012-ci ildə “Liverpul”dan ayrılandan sonra uzun müddət işsiz qalan mütəxəssis “Fənərbaxça”da 2018-ci ildən çalışırdı

Xəbər Lenti