İki dövlət, bir AFFA

14 Yanvar 17:45 Azərbaycan Futbolu 515
İki dövlət, bir AFFA

“Master və Marqarita”nın müəllifi Mixail Bulqakov necə gözəl ifadə eləmişdi- Əlyazmalar yanmır! Bir azdan zəhmət çəkib növbəti dəfə oxuyacağınız bu yazını bir neçə il əvvəl yazmışdım və dostlarımın diqqəti sayəsində saytlarda tirajlanmışdı.

O gün bilgisayarımı incələyəndə qarşıma çıxdı və oxuyub bir daha əmin oldum ki, ötən zaman ərzində Azərbaycan futbolunda heç nə dəyişməyib.

Ona görə də “İki dövlət, bir AFFA” yazımı yenidən diqqətinizə təqdim edirəm. İsgəndər Cavadov demişkən, təkrar biliyin anasıdır.

Sözümü tuta bilmədim. Yeni ildən idman saytlarımıza göz atmağı özüm özümə qadağan eləmişdim, hətta bununla bağlı əmr də imzalamışdım… Gücüm yetmədi, görünür iradəm zəifdir.

Təzə il gələndən idman saytlarında çalışan dostlar, qardaşlar dəqiqədə bir xəbər yayırlar. Göz açmaq olmur, elə bil Kosova futbolçuları Azərbaycan millisinin qapısını atəşə tutur. Jurnalist, redaktor, şef-redaktor, böyük redaktor, baş redaktor abilərim sanki öncədən sözləşiblər. Xəbərlərin yalan olmasın hamısı bizim futbolçuların Avropanın nəhəng klublarına transferi barədədir. Belə gözəl xəbərləri necə oxumayasan?

Ən bərk gedən idman saytı- “Qol.çox.az” yenə hamıdan öndədir. Baş redaktor İşıq Səssizov qədim dostum, təzə qonşumdur. Zalım elə bil top-klubların bazasına kamera çəkdirib, azərbaycanlı futbolçuların ayağı oralara dəyən kimi xəbəri el-aləmə yayır. Başlıqlar hər şeyi deyir-““Qarabağ”ın yetirməsi Güman Tanrıverdiyev “Barselona”ın bazasına gəldi”, “Güman “Barsa” ilə ilk məşqə çıxdı”, “Baş məşqçi Valverde azərbaycanlı futbolçunun başını tumarladı”, “Messi dünyanı şoka saldı-“Güman sabahın Messisidir”, “Güman yuxuda bibisinin bişirdiyi dolmanı gördü…” və s.

“Qol.çox.az” səhər tezdən daha bir xəbər yayıb. Belə məlum olur ki, əzəli rəqibindən geri qalmaq istəməyən “Real” da azərbaycanlı futbolçu transfer etməyi planlaşdırır. Baş məşqçi Lopeteqi “Neftçi”nin yetirməsi Mahmudağa Bəybalazadənin alınması üçün hərəkətə keçib. Kral klubunun baş menecerinin müavinlərindən birinin palto və əlcəyini geyinərək Bakıya uçduğu deyilir.

“Klub.komanda.az” saytındakı dostlarımın yaydığı xəbərlərdə də yer yerindən oynayır. Belə məlum olur ki, dünyanın top-klublarından ən azından yeddisi qış transfer pəncərəsi bitənə kimi heyətinə azərbaycanlı futbolçu qatmaq barədə baş sındırır, plan cızır. Bu köşəni yaza-yaza “Klub.komanda.az” saytına bir də göz atdım. Ən təzə xəbərin başlığını oxuyan kimi həyəcandan məni tər basdı- “Yurgen Klopp rəhbərlik qarşısında şərt qoydu”. Xəbərdən belə aydın olur ki, “Mançester Siti”yə məğlub olandan sonra “Liverpul”un çalışdırıcısı klub rəhbərliyi ilə ciddi danışıb, hətta “Quyu suyu” bankasını hirslə tullayıb. Deyib ki, sizə sonuncu dəfə xatırladıram, ya “Sabah”ın yetirməsi İzzətulla Hörmətov alınacaq, ya da mən “Sumqayıt” a keçəcəm.

“Futbol.12.az” saytında çalışan dostlarımın araşdırmasından da gözlərimi çəkə bilmədim. Abilər min biz əziyyətlə maraqlı faktları gün işığına çıxarmağı bacarıblar. Bəlli olur ki, Mourinyo “Səbaili”in alt yapısında yetişən, qış fasiləsinə qədər premyer-liqamızda keçirilən oyunlar zamanı 17 dəqiqə yaşıl meydanların kənarında isinmə hərəkətləri edən Xanbaba Rəzzaqova görə postundan istefa verib. Bütün çalışmalarına rəğmən, 26 yaşlı azərbaycanlı hücumçunun alınmadığını görən portuqaliyalı ulduz məşqçi istefa verib, Elza Seyidcahanın şeirlər kitabını da götürüb klubun bazasından ayrılıb. Qapını möhkəm çırpanda da deyib ki, can sizin, cəhənnəm Tanrının. Saytda Qvardiolanın da bizim hansısa klubun yetirməsinə göz qoyduğu barədə nəsə yazılmışdı. Bu arada telefonuma zəng gəldi, bu cür vacib xəbəri tam oxuya bilmədim. Vaxt tapan kimi gərək sayta bir də daxil olum.

Köhnə dostlarımın yığışdığı “Sportal.bir də al.az” saytında Fatih Terimin özəl müsahibəsini oxuyanda isə göz yaşlarımı saxlaya bilmədim. Qosqoca “İmperator” AFFA rəhbərliyinə yalvarır ki, “Qalatasaray”ı bu durumdan çıxarmaq üçün Bakıdan heç olmasa 3 azərbaycanlı futbolçu göndərsinlər. Müsahibənin bir yerində Fatih hoca açıq mətnlə deyir ki, axı biz iki dövlət, bir AFFA-yıq!

Bizim futbol nazirliyinin Terimə nə cavab verəcəyini səbirsizliklə gözləyirəm. İdman mətbuatında saç ağardan dostum Səlahiyyət təzə sayt açıb-“Görüş.az”, bir baxım, bəlkə AFFA-dakıların reaksiyası barədə nəsə tapa bildim. Aha, tapdım-“Azərbaycan millisinin 33 yaşlı gənc üzvü qonşu Türkiyənin 5 liqasının sonuncu pilləsində qərarlaşan “Budağdamaralgəzərsporl”la müqavilə bağlamağa yaxındır!”

Sizə söz verirəm, qış transfer pəncərəsi bağlanana kimi ancaq və ancaq bizim idman saytlarını oxuyacam…

Etibar Cəbrayıloğlu

Xəbər Lenti
27 Yanvar 17:45 Gürcülərə uduzdular
27 Yanvar 15:39 Onlar Can hayındadır