“Kəpəz” Premyer Liqanın 10-cu turu çərçivəsində “Zirə”ni qəbul edəcək.
Lakin oyun Gəncədə yox, Tovuz şəhər stadionunda gerçəkləşəcək.
Sual doğuran məqamlardan biri gəncəlilərin Tovuzda özünü meydan sahibi, yoxsa qonaq qismində hiss edəcəyidir.
İş burasındadır ki, “Kəpəz”lə “Turan” bineyi-qədimdən əzəli rəqib hesab ediliblər. Lakin taleyin gərdişi gəncəliləri rəqiblərini Tovuzda qəbul etməyə məcbur edib.
Heç şübhəsiz, “sarı-göylər”i dəstəkləmək üçün müəyyən sayda azarkeş qərbin paytaxtından Tovuza gedəcək.
Bəs, yerli camaat? Məsələn, “Turan Tovuz”un fan klubunda yer alanlar zurna-balabanla “silahlanıb” qonşu şəhərdən olan komandaya dəstək nümayiş etdirəcək, yoxsa zirəlilərin qələbəsini arzulayacaq?
“Rəqabət stadionda qalır” deyimini nəzərə alıb “Turan Tovuz”un fan klubunun rəhbəri, eləcə də klubun azarkeşlərlə əlaqələndiricisi Kamal Saqqayevlə danışdıq:
“Klub rəhbərliyi tərəfindən verilən qərardır və buna hörmətlə yanaşırıq. “Kəpəz” xoş gəlir, səfa gətirir. Biz də futbol azarkeşi olaraq stadiona gedib oyuna baxacağıq. Kənarda oturub Premyer Liqa qarşılaşmasını izləyəcəyik.
Amma fan klub şəklində “Kəpəz”ə dəstək vermək fikrimiz yoxdur. Bəlkə də hansısa tovuzlu və ya tovuzlular dəstəkləyər, amma qrup halında belə bir planımız yoxdur”.
Oktyabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə” qarşılaşması saat 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ