“Neftçi” ağır Tovuz səfərindən qələbə ilə qayıtdı. “Ağ qaralar” Emin Mahmudovun penaldan vurduğu qolla “Turan Tovuz”U minimal hesabla məğlub etdi – 1:0.
Amma qələbəyə rəğmən 90 dəqiqə meydanda yaxşı futbol oynayan tək tərəf meydan sahibləri oldu. İki dəfə qapı dirəyi qonaqları qoldan xilas etdi.
Bir neçə epizodda isə Tovuz təmsilçisinin futbolçuları qeyri-dəqiq oynamaları ilə yadda qaldılar.
Regekampfın yetirmələri o qədər bərbad çıxış etdi ki, fanatlar 3 xala belə sevinmədilər. Hər halda tərəfdarların sosial şəbəkələrdə yazdıqlarından bu qənaətə gəlmək olar.
Ən diqqət çəkən post isə komandan ən aktiv azarkeş səhifələrindən biri olan “Neftçi Baku (Fan Pagen)”dən gəlib.
Səhifə admini meydanda gedən mübarizəni əsas gətirərək, istehza dolu paylaşım edib. Maraqlı olacağın düşünüb, paylaşımı olduğu kimi sizə təqdim edirik:
“Dostlar oyuna baxırsız? Mən işdəyəm, internet də yoxdur. Meqabayt ilə baxıram oyuna, demək olar ki, heç nə görünmür. “Ağlar” bizimkilər deyilmi? Əla oynayırlaree, Rege nəsə güclü məşq keçib, “qaralar”ı meydanın mərkəzini keçməyə qoymurlar. Qapıya gələ bilmireee “qaralar”, belə oyunla nahaq onları liqaya buraxıblar. Regional Liqasında oynamağa layiqdir “qaralar”. Yəqin “qaralar” maaşına görə belə oynayır, baxma da 1000-2000 manat maaşla 20-25 minlik maaşlı oyunçulara qarşı oynayanda fərq aşkar bilinir. Ona görə də, “ağlar” yaxşı oynayır, mütləq qol vuracağıq. “Qaralar”ı dediyim kimi, apar tulla”.
Bilməyənlər üçün məlumat verək ki, postda göstərilən “ağlar” “Turan Tovuz”, “qaralar” isə “Neftçi” komandasıdır. Yəni, komandalar meydana bu rəngli formalarda çıxıblar.
XANOĞLAN / SPORTİNFO.AZ

