"Açığı, ehtiyacımız var" - Boykotçuları stadiona səslədi

13 Dekabr 2022 11:00 Azarkeş 810
"Açığı,  ehtiyacımız var" - Boykotçuları stadiona səslədi

Premyer Liqanın 16-cı turunun “Neftçi” – “Qarabağ” matçında yaşananlar həftəyə damğa vurdu.

Söhbət meydan sahiblərinin son çempiona 0:4 hesablı acı məğlubiyyətindən yox, azarkeşlərə göstərilən münasibətdən gedir.

Belə ki, matçdan öncə və oyunun gedişində pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ”ın bir neçə üzvü polis bölməsinə aparılmış, onlardan bir nəfərə 8 sutkalıq həbs cəzası verilmişdi.

Məhz bu hadisədən sonra başda “Forza Neftçi” olmaqla digər klubların azarkeş qrupları sözü bir yerə qoyaraq Premyer Liqanın qış fasiləsinə qədər olan 2 turunu boykot etmək qərarını verdi.

Maraqlıdır ki, ölkə kubokunun matçlarında da tribunalarda bəzi azarkeş qruplarına rast gəlmədik.

Məsələn, “Səbail” – “Sabah” oyununda qonaqların fanat ordusu “Soldati Di Sabah” gözə dəymədi. Görünür, tribunalardan çəkilmək qərarının kökündə həm də kubok duelləri dayanır.

“Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı danışaraq oyunları boykot edən azarkeşlərə səslənib:

“Azarkeşlərimiz bəzi səbəblərdən “Səbail”lə oyuna gəlməmişdilər. Açığı, azarkeşlərsiz, boş tribunalar önündə oynamaq həyəcansız, sıxıcı olur.

Onlara hər matçda ehtiyacımız var. Ümid edirəm ki, həm cavab qarşılaşmasında, həm də növbəti görüşlərdə bizi tək qoymayacaqlar. Bu gün onların dəstəyi bizim üçün çox önəmlidir”.

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Səbail” – “Sabah” görüşü 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Komandalar arasında cavab qarşılaşması dekabrın 19-da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"