
“Neftçi” azarkeşləri pərişan durumdadır. Niyə də olmasın. Komandaları derbidə “Qarabağ”a böyükhesabla məğlub oldu – 0:4.
Tərəfdarlar çempionatdakı yeri, digər rəqiblərə məğlubiyyətləri futbolçulara hardasa bağışlaya bilərlər, amma əzəli rəqiblə oyundakı təslimçilik ruhunu əsla.
Bəli, həmin gecə “ağ qaralı” komandanın meydankı futbolçularından əvvəl ruhları təslim olmuşdu. Nə birinci qolda, nə də dördüncü qolda o ruh özünə gəlmədi.
Futbolçular o ruhu qaytara bilmədilər ki, axı biz “Neftçi”yik. Bu formanın çəkisi var, bu klubun tarixi var.
Bu ağırlıqda formaya, bu böyük tarixə sahib komanda turnir cədvəlindəki yerindən, halından asılı olmayaraq əzəli rəqibə qarşı meydanda can qoymalıdır, məğlubiyyətlə 90 dəqiqə barışmamalıdır. Onlar isə ilk dəqiqədə bununla barışdılar.
Bax, “Neftçi” tərəfdarını 0:4-dən çox incidən budur. Onlar isə futbolçulardan fərqli olaraq hələ də acı məğlubiyyətlə barışmaq istəmirlər.
Həmin fanatlar arasında Mənsum Abbaslı adlı oxucumuz da var.
Mənsum haqqlı olaraq komandasının indiki durumundan qan ağlayır. Ən yaxşısı, onun bizə yazdıqlarını olduğu kimi sizə təqdim edirik:
“Bu fanatın haqqını verməyən böyük klubun kiçik idarəçilərini yuyub-sərməyi bir daimi izləyiciniz olaraq sizdən xahiş edirəm.
Bizim haqqımız deyil ki, hər dəfə, hər il bu qədər pis olmaq. Uduzmaq hər bir komanda üçündür, amma “Neftçi”ni bu qədər aciz görməmişdik.
Bir hücum belə edə bilməyən, yalnız adı qalan xal komandası. Oyundan 6 gün öncə əməliyyat olunmuşdum və o halda qarşılaşmanı stadiondan izlədim.
Haqqımı dırnaqarası klub idarəçilərinə necə halal edim? “Neftçi”yə halal olsun, amma Kamran kimilərə yox.
PS: Təqdim etdiyimiz videoda Kadi Borgesin qolundan sonra böyük üzüntü, əzab yaşadığı simasında aydın görünən fanat məhz Mənsum özüdür.
Elə bu an, həmin gün onun timsalında bütün “Neftçi”li tərəfdarların nələr yaşadığını əyani göstərmiş olur.
XANOĞLAN / SPORTİNFO.AZ