Fanatlar bu şəxsə çağrış etdi - "Gəl çıx, "Neftçi" batıb gedir"

3 Dekabr 2022 22:20 Azarkeş 5 674
Fanatlar bu şəxsə çağrış etdi - "Gəl çıx, "Neftçi" batıb gedir"

"Neftçi" növbəti Azərbaycan derbisində də məğlubiyyət yaşadı.

Doğma meydanda "Qarabağ"ı qəbul edən bakılılar sonda darmadağınla (0:4) meydandan ayrılmalı oldular.

"Ağ qaralar"ın qolkiperi İvan Brkiç olmasaydı, yəqin ki, ən azı "Qəbələ" məğlubiyyəti (0:8) yenidən təkrarlanmış olacaqdı.

Yəni Laurentsiu Regekampfın yetirmələri bu qədər bərbad, utanc bir oyun keçirmiş oldular.

Əbəs deyil ki, öncə matçdan sonra tribunadakı fanatlar komanda üzvlərinə, rəhbərliyə sərt təpki göstərdisə, davamı da sosial şəbəkələrdə yazılan tənqid və təhqirlərlə davam etdirildi .

Etik normaları nəzərə alaraq təhqirləri yox, amma sərt tənqid yazanlardan bəzi seçmələri sizə təqdim edirik:

"Əvvəl 4 top biabırçılıq idi. İndi adi hala çevrilib".

"Qarabağ" "Neftçi"dən 1 yox, 5 baş üstündür. Heyətin 90%-i dəyişməlidir".

"Kamran Quliyevi təbrik edirəm. Əminəm ki, sevinir. Heç nə yox, özünə azacıq hörməti və qüruru olsaydı istefa verib rədd olardı".

"Rəhbərlik istefa verib getsin. Vallah biabırçılıq olacaq. Bunun axırı yaxşıya doğru getmir".

"Yeni gələn Müşahidə Şurası bu gecə təcili iclas keçirib rəhbərliyi və məşqçini klubdan qovmalıdır. Bundan o tərəfə yol yoxdur. "Neftçi" bundan daha rəzil günə düşə bilməz".

"Bərbad oyun. Futboldan başı çıxanlar kluba gəlməlidir".

"Qaynana filmində deyilir "hardasan, ay Məşədi Kazım?". İndi də biz azarkeşlər deyirk - Hardasa, ay Tahir Süleymanov? Gəl çıx, "Neftçi" batıb gedir".

"Real hesab 8:0 olmalı idi Bu klubun rəhbərliyi maaş alıb, rahat yeyə bilirsə, sadəcə afərin!".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti