"Sabah" "Qarabağ"la oyuna 10 min nəfəri necə yığıb? – İNCƏ TƏFƏRRUAT

15 Noyabr 2022 17:00 Azarkeş 1 748
"Sabah" "Qarabağ"la oyuna 10 min nəfəri necə yığıb? – İNCƏ TƏFƏRRUAT

Azərbaycan Premyer Liqasının 14-cü turu azarkeş rekordu ilə yadda qaldı.

Belə ki, "Bank Respublika Arena"da baş tutan "Sabah" - "Qarabağ" görüşünü tribunalardan 10 min tərəfdar izlədi.

Ümumiyyətlə, son illər hansısa Premyer Liqa matçına bu qədər tərəfdar gəlməsinə xatırlamıram.

Təbii ki, yaşanan izdihamın bizə bəlli müəyyən səbəbləri var. Məsələn, Masazırı təmsil edən "Sabah"ın bu mövsüm uğurlu çıxışı istər-istəməz yerli publikanı arenaya gəlmək üçün həvəsləndirir.

Bundan başqa, qonaq komandanın Avropada tarix yazan "Qarabağ" olması da saya öz təsirini göstərdiyi sirr deyil.

Lakin istənilən halda bu sayda tərəfdarın Masazırda yerləşən stadiona cəm olacağını kimsə düşünməzdi.

Adətən, bu, yerli komandanın xüsusi təbliğatının səyi nəticəsində ərsəyə gəlir. Maraqldır, bəs "Sabah" necə, son bir həftədə "Qarabağ"la oyun üçün hər hansı xüsusi aksiyalar aparmışdımı?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:

“Əvvəla onu bildirim ki, çox istəyərdik ki, Azərbaycan çempionatında belə oyunların sayı çox olsun. Gözəl futbol havası, əla ot örtüyü, sərgilənən yaxşı futbol və tribunaların dolu olması çox möhtəşəm ab-havaya səhnə olmuşdu.

Suala gəldikdə isə bizdə daim təbliğat gedir. İnsanlarla fərdi söhbətlər aparılır. Daha çox da bu işi bizim “Soldati Di “Sabah” fan klubunun üzvləri edir.

Xüsusilə həmin fanklubun Masazırdan olan üzvləri insanları oyunlara dəvət edirlər. Amma konkret bu görüşə çox adamın gəlməsinin bir neçə səbəbi var.

Matçdan əvvəl Masazırdan Xırdalana kimi çox böyük Afişalar asılmışdı. Düzdü, bütün oyunlarda eyni addım atılır.

Sadəcə, bu dəfə say daha çox idi. Hər kəs qarşılaşmaya dəvət edilirdi. Çox sevinirik ki, azarkeşlər görüşə bu formada maraq göstərdilər.

Təbii ki, burada rəqibin adının da müəyyən rolu oldu. Ancaq bu qədər azarkeşin gəlməsində “Sabah”ın Masazırda, Xırdalanda yaratdığı müsbət obrazın önəmi çox böyükdür”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti