2 gün əvvəl Azərbaycanın tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadovun 75 yaşı tamam oldu.
Bu münasibətlə "Neftçi”nin prezidenti Kamran Quliyev komandanın veteran futbolçusu, sabiq baş məşqçisi və hazırda AFFA-nın Məşqçilər Komitəsinin üzvü olan təcrübəli mütəxəssislə görüşüb.
Klub prezidenti Ağasəlim müəllimi 75 illik yubileyi münasibətilə təbrik edib.
Yubilyara üzərində 75 yazılı "Neftçi" formasına təqdim edib.
Amma təcrübəli mütəxəssisə göstərilən belə xoş münasibət "Neftçi" tərəfdarlarının ürəyincə olmayıb.
Belə ki, fanatlar Ağasəlim Mircavadovun 2006-cı il "Neftçi"ni "Xəzər Lənkəran"a dəyişməsini və son açıqlamalarında "Neftçi"ni tənqid etməsini əsas gətirərək ona göstərilən belə münasibətin yanlış olduğunu bildiriblər. Tərəfdarların çox saylı şərhlərindən bəzilərin sizə təqdim edirik:
"Neftçi" forması əllərində, amma "Neftçi"ni sevməyənlər".
"Çox nahaq yerə".
"Bizi "Xəzər Lənkəran"a satan adam. Özü də "Neftçi" ilə Lənkərandakı oyunda bizə qarşı inqilab edirdi. Bu rəhbərlik mənə çatmır da".
"Ağsaqqal da olsa gərəksiz addım idi. Təbrikə layiq deyildi. Elə son müsahibələri yetərlidir. Çörək itirən adamdır".
"Neftçi"nin çörəyin yeyib, "Qarabağ"ı tərifləyir".
"Satqın!".
"Neftçi"yə xəyanət etmiş bir məşqçiyə nə təbrik düşür, nə də forma".
"Kamran, boş-boş işlərlə məşğul olma. İstefa ver get. "Neftçi" kimi klubda sənin olmağın bir rəzalətdir".
"Bu satqındır. "Neftçi"ni çempionatın ortasında atıb qaçdı. Buna forma düşmür".
"O formadan tutmaq onun haqqı deyil".
"Pula satılan məşqçi".
1967-1970-ci illərdə ağ-qara formanı geyinmiş Ağasəlim Mircavadov 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb. Flaqman onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub.
Məhz axırıncı uğurlarından sonra onun "Neftçi"dən ayrılıb, cənub klubuna keçməsi böyük söz-söhbətə səbəb olmuşdu.
Mircavadov 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
XANOĞLAN / SPORTİNFO.AZ

