9 il həsrətdən sonra Premyer Liqaya qayıdan "Turan Tovuz"da işlər pis getmir.
Arxada qalan 10 turda aktivinə 12 xal yazdıran kollektivin "Qarabağ"la ehtiyatda bir oyunu da qalır.
Uğurlu çıxışda sözsüz ki, ən önəmli faktor baş məşqçi Ayxan Abbasovdur. Onun qısa müddətdə formalaşdırdığı komandaya, sadəcə əhsən düşür.
Amma mövsümün əvvəli futbol ictimaiyyətinin ortaq fikri vardı ki, yerli tərəfdarların gücü də ordakı nəticələrə müsbət mənada təsir edəcək.
Düzdü, gözlənildiyi kimi fanatlar bütün ev oyunlarında komandanı lazım olan qədər dəstəkləyirlər. Hətta "Turan Tovuz" birinci dövrə ev oyunlarına ən çox azarkeş toplayan kollektivi oldu.
Amma verilən dəstəyin nəticələrdə əksini görə bilmirik.
Belə ki, komanda əldə etdiyi xalların 70%-dən çoxun səfər matçlarında qazanıb. "Səbail" və "Şamaxı"nı səfərdə məğlub edən qərb təmsilçisi "Sumqayıt" və çempionluğa iddialı "Neftçi" ilə bərabərə qalıb.
Məsələn, bölgə klubu səfərdə udduğu "Səbail"lə doğma divarlar arasında bərabərə qalıb.
Evdəki yeganə qələbə isə əzəli rəqib "Kəpəz" üzərində qazanılıb.
Hətta Ayxan Abbasovun yetirmələri daha yaxşı oynadığı tərəf olduğu "Zirə" matçında belə yerli publikanı sevindirə bilməyib.
Niyəsini araşdırmağa ehtiyac yoxdur. Gənc mütəxəssis belə gedişatı hələ həftələr əvvəldən görüb, izahını vermişdi. Belə ki, o, 4-cü turun "Sumqayıt"la matçında doğma meydanda oynamağın üstünlüyü barədə ona ünvanlanan sualı təxminın belə cavablamışdı:
"Tovuzda bizə böyük dəstək var. Orada oynamaq "Sumqayıt" üçün çətin olacaq. Məni narahat edən məqam odur ki, futbolçularım belə böyük ajiotaja hazır deyil. Çalışacağıq ki, Tovuzda hər kəsə dişimizi göstərək".
Arxada qalan turlar əyani göstərmiş oldu ki, Ayxan müəllimin narahatlığı əbəs deyilmiş.
XANOĞLAN / SPORTİNFO.AZ

