"Qəbələ"liləri Şamaxıda narazı salan nə olub? - SƏBƏBLƏR

17 Oktyabr 2022 23:40 Azarkeş 628
"Qəbələ"liləri Şamaxıda narazı salan nə olub? - SƏBƏBLƏR

“Qəbələ” Premyer Liqanın ikinci dövrəsinə uğurlu start verə bilmədi. Komanda qələbə qazancağı ehtimal edilən Şamaxı səfərində büdrədi.

Oyunda hesabı açan tərəf qonaqlar olsa da, 75-ci dəqiqədə Kamran Quliyev oyunda tarazlığı yaradan qolu vura bildi.

Sonrakı dəqiqələrdə “qırmızı qaralar” qələbə qolunu vura bilməyincə qonaq tərəfdarlar xal itkisinin üzüntüsü ilə tribunalardan ayrılmalı oldu.

Fanatları üzən isə yalnız xal itkisi olmayıb. Onlar həm də Şamaxı şəhər stadionunda qarşılaşdıqları münasibətdən narazı qalıblar.

Hər halda komandanın bütün oyunlarda dəstəkçisi olan “Red Blcak Army” azarkeş qrupunun fəallarından olan Nəriman Mahmudzadənin öz sosial şəbəkə hesabından yazdığı post bunu deməyə əsas verir:

“Ötən mövsüm ilk dəfə Şamaxıya səfər etmişdik. Həyəcanlı idik, eyni zamanda sevinirdik ki, daha bir rayonumuza klub gəldi. Porblemlər oldu, dava düşdü. Klub rəsmiləri aranı sakitləşdirdi. Bu il yenidən Şamaxıya səfər etdik. Artıq bilirdik ki, orada absurd qərarlar verilir. Yerli azarkeşlərlə söhbətləşdik. Artıq bezmişik, tribunalara gələ bilmirik dedilər.

Məsələ burasındadır ki, günah nə polisdədir, nə də mühafizədə. Ən böyük günahkar AFFA-dı. Ki, şəhərə böyük futbolu gətirməzdən əvvəl nəyə görə futbol və tribuna qaydaları barədə marifləndirmə aparılmayıb? Stadionda siqaret çəkmək olmaz. Səbəbi soruşulduqda ictimai yerdə siqaret çəkmək qadağandır deyilir. Halbuki Nazirlər Kabineti bu qərarı pandemiya dövründə vermişdi və bildiyimə görə artıq iki ildi ləğv edilib (səhvim varsa, düzəldin).

Tribunada forma çıxarmaq olmaz. Niyə? Tribunada söyüş olmaz. Niyə? Camaatın ailəsi var. Qısası, adam bu stadiona getmək istəmir. Düzdü, səfər komandası olduğumuz üçün sağ olsunlar ayaq üstə durmağa, bir neçə dəfə də Qəbələ şuarına icaəz verdilər. Ancaq futbol belə inkişaf etmir, azarkeş belə qazanılmır, ancaq itirilir. Buna görə də orada çörək qazanan insanlardan üzr istəyərək demək istəyirəm ki, Şamaxı futbol şəhəri deyil. Bu komandanı Mingəçevirə, Zaqatalaya, Lənkərana aparın. Onda görəcəksiz ki, inkişaf necə olur”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti