“Sportinfo”dan “Qarabağ”a XÜSUSİ XƏBƏRDARLIQ!

8 Sentyabr 2022 16:40 Azarkeş 1 214
“Sportinfo”dan “Qarabağ”a XÜSUSİ XƏBƏRDARLIQ!

Azərbaycanın Avropa Liqasının qrup mərhələsindəki yeganə təmsilçisi bu gün Almaniyada “Frayburq”un önünə çıxacaq.

Rəqibin Bundesliqanın hazırkı lideri olduğunu nəzərə alsaq, təmsilçimizin işinin çətin olacağı sirr deyil.

İndiyə qədər “Frayburq”la bağlı maraqlı məqamları diqqətə çatdırmağa çalışmışıq ki, komandanın baş məşqçisi Qurban Qurbanovun ən kiçik detaldan belə xəbərdar olmasına şübhə etmirik.

Bu dəfə komanda üzvlərinə xüsusi xəbərdarlıq etmək yerinə düşər: “Frayburq” hissələrin əvvəlində fərqlənir. Xüsusən də ikinci yarının ilk dəqiqələrində məhsuldardır.

Kristian Ştrayxın yetirmələri cari Bundesliqa mövsümündə 5 oyuna çıxmaqla rəqib qapılarından 10 top keçirib.

Bu qollardan 6-sı birinci və ikinci hissənin ilk dəqiqələrinə təsadüf edib.

“Auqsburq”la ilk turdakı səfər qarşılaşması qolsuz heç-heçə bitsə də, “Qarabağ”ın rəqibi ikinci yarıya ardıcıl qollarla başlayıb. 46-cı dəqiqədə Mixael Qriqoritş, 48-ci dəqiqədə Vinçenzo Qrifo fərqlənib

3-cü turda “Ştutqart”la səfər matçında qeydə alınan yeganə qol oyunun əvvəlinə - 11-ci dəqiqəyə təsadüf edib. Qrifo rəqib qapıçı ilə dueldən qalib ayrılıb.

4-cü turda səhnəyə yenə İtaliya əsilli alman yarımmüdafiəçi Qrifo çıxıb. Onun 48-ci dəqiqədə Flekkenin qoruduğu qapıya vurduğu top oyunda yeganə qol olub.

“Frayburq” sentyabrın 3-də səfərdə “Bayer Leverkuzen”lə üz-üzə gəlib. Meydan sahibləri ilk hissədə hesabı açsa da, ikinci hissənin əvvəlində şok yaşayıb.

48-ci dəqiqədə Mattias Ginter fərqlənib, bundan 3 dəqiqə sonra Qriqoritş komandasının hesabda önə keçirib.

“Qarabağ”ın futbolçuları hakimin start və ikinci hissənin başladığını bildirən fitindən dərhal sonra mütləq və mütləq diqqətli olmalıdır. “Frayburq” rəqibin “isinmə dəqiqələrində” ələ düşən fürsətləri qola çevirməyi bacarır.

Bu axşam Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Frayburq” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"