"Neftçi" azarkeşləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayıb.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın tərəfdarları ölkə başçısına Azərbaycanda idmanın inkişafı üçün yaratdığı şəraitə görə təşəkkür edib, digər növlərdə qazanılan beynəlxalq uğurlarımıza, yetişdirlmiş dünya səviyyəli idmançılarımıza görə qürur duyduqlarını onun nəzərinə çatdırıblar.
"Flaqman"ın təəssübkeşləri böyük təəssüflə, futbolumuzun, xüsusən uşaq futbolunun beynəlxalq standartlara cavab verməməsindən üzüntülərini ifadə ediblər.
Futbolumuzun inkişafına dair dövlət proqramının kortəbii şəkildə, qeyri-peşəkar səviyyədə həyata keçirilməsi və sonda da heç bir nəticə verməməsi, dövlət büdcəsindən ayrılan yüzmilyonların qarşılığında indi istər milli, istərsə də klub səviyyəsində çox məyusedici durumda olması qeyd edilib.
Bir zamanlar ölkə futbolunun mayakı və avanqardı olan "Neftçi"nin 2012-ci ildə Azərbaycan tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması yada salınıb, bundan sonra "Qarabağ" və "Qəbələ"nin də avrokuboklarda uğurlu çıxışı, Ağdam təmsilçisinin klub rəhbərliyi ilə məşqçilər heyətinin monolit birliyi sayəsində daim ölkəmizin adını ucaltdığı və bunun bütün futbol ictimaiyyətini sevindirdiyi bildirilib.
Ulu Öndər Heydər Əliyevin "Neftçi"yə böyük qayğı və dəstək göstərməsi, onun layiqli davamçısı cənab İlham Əliyevin də bu yola sadiq qalması vurğulanıb.
Sadiq azarkeşlər daha sonra "Neftçi"nin son illərdəki uğursuzluqları, klub prezidentinin və Müşahidə Şurasının idarəçiliyindən narazılıqlarını ölkə başçısının diqqətinə çatdırıb, "xalq komandası"nın rəzalətdən, rüsvayçı məğlubiyyətlərdən, avrokuboklarda davamlı fiaskolardan xilas olması, bəzi fərdlərin inhisarından çıxması üçün böyük neftçisevərlər ordusu adından ondan imdad diləyiblər:
“Cənab Prezident!
Biz azarkeşlərin başqa bir çıxış yolu yoxdur, imdad gözləyəcəyimiz yeganə şəxs Sizsiniz! "Neftçi" PFK-nın Sizə yad olmadığını bilərək, klubda köklü islahatların aparılması yönündə, rəhbərliyin klubumuzun adına yaraşan, "Neftçi" ruhunu canında yaşadan, futbol içərisindən çıxan, onu zirvələrə apara biləcək əllərə verilməsinə kömək edəcəyinizə çox inanırıq və böyük ümidlərlə Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk”.

